Azərbaycanda satışa çıxarılan bəzi mal əti məhsullarının görünüşü və qiyməti son günlər ictimai müzakirələrə səbəb olub. Bazarlarda və müxtəlif satış nöqtələrində rast gəlinən bu ətlərin mənşəyi ilə bağlı məlumatların təqdim olunmaması alıcıların narahatlığını daha da artırıb. Sosial şəbəkələrdə yayılan iddialarda Somalidən, eləcə də Monqolustandan ət məhsullarının Azərbaycana gətirildiyi, lakin bu məhsulların hansı məqsədlə və hansı qaydada idxal olunduğunun aydın olmadığı qeyd olunur.




İstehlakçılar xüsusilə məhsulun emal prosesi, təhlükəsizlik səviyyəsi və saxlanma şəraiti ilə bağlı şəffaf məlumatın olmamasından şikayətlənirlər. Müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri satışa çıxarılan bəzi ətlərin təbii mal ətinə xas formaya bənzəməməsidir. Kub formasında kəsilərək təqdim olunan bu məhsulların sənaye üsulu ilə formalaşdırıldığı, yaxud irihəcmli ət bloklarının dondurularaq sonradan hissələrə bölündüyü ehtimalları irəli sürülür. Sosial şəbəkə istifadəçiləri iddia ediblər ki, bu cür ətlərdə klassik lif quruluşu seçilmir.




Digər tərəfdən, həmin məhsulların bazar qiymətlərindən xeyli aşağı təklif olunması da şübhələri gücləndirib. Yerli bazarda təzə mal ətinin qiymətinin daha yüksək olması fonunda istehlakçılar ucuz satılan ətlərin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ünvanlayırlar.


 


Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə görə, yayılan iddialara baxmayaraq, Somalidən Azərbaycana kommersiya məqsədli ət idxalı həyata keçirilmir. 




“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatında qeyd edib ki, sözügedən ət ticarət və iaşə obyektlərində satış üçün nəzərdə tutulmayıb. Həmin məhsullar Səudiyyə Ərəbistanı Krallığının sifarişi əsasında humanitar yardım çərçivəsində gətirilib. Bununla belə, hansı ölkədən idxal olunmasından asılı olmayaraq, xaricdən gətirilən bütün ət məhsulları dövlət gömrük sərhədindən keçərkən mütləq şəkildə qida təhlükəsizliyi qaydalarına uyğun olaraq nəzarətdən keçirilməlidir. Eyni zamanda, risk əsaslı laborator analizlər aparılmalı, məhsulun insan sağlamlığı üçün təhlükə yaratmadığı təsdiqlənməlidir”.


 





Ekspertin sözlərinə görə, ət məhsulları daşınma və saxlanma zamanı soyuq qida zəncirinə uyğun şəkildə qorunmalı, temperatur rejimi pozulmamalıdır: 




“Ət məhsulları daşınma və saxlanma zamanı soyuq qida zəncirinə uyğun şəkildə qorunmalı, temperatur rejimi pozulmamalıdır. Qısa müddətdə istifadə üçün nəzərdə tutulan ətlər 0-4 dərəcə arasında saxlanılmalı, uzunmüddətli saxlanma üçün isə -18 dərəcə temperaturda dondurulmalıdır.

Məhsulların üzərində mütləq şəkildə markalanma və etiketlənmə aparılmalı, mənşə ölkə göstərilməli, baytarlıq nəzarətinə dair məlumatlar və keyfiyyət sertifikatı olmalıdır. Bundan əlavə, kəsim tarixi, istehsal tarixi və son istifadə müddəti də etiketdə əksini tapmalıdır. Bu tələblər tam şəkildə yerinə yetirildiyi halda, ət məhsullarından istifadə mümkündür. Təhlükəsizlik baxımından ətin yaxşı bişirilməsinə xüsusi diqqət yetirilməlidir. Bişirmə zamanı daxili temperatur 75 dərəcəni keçməlidir. Ətin görünüşündə ləkələr, rəng dəyişikliyi, bozarma, yapışqanlıq, selikli səth və ya xoşagəlməz maye müşahidə olunarsa, bu, məhsulun köhnə və ya xarab olduğunu göstərir. Eyni zamanda, ətin qoxusunda xarab, turşumuş və ya kəskin xoşagəlməz iy hiss edilərsə, onun istifadəsi tövsiyə olunmur”.




M.Hüseynova əlavə edib ki, bəzi idxal ətlərin yerli məhsullarla müqayisədə xeyli ucuz satılması istehlakçılarda haqlı şübhələr yaradır:




“Təcrübə göstərir ki, idxal olunan bəzi ətlər yerli məhsullarla müqayisədə xeyli ucuz satılır ki, bu da keyfiyyətlə bağlı şübhələr yarada bilər. Bu səbəbdən vətəndaşlara ət alarkən mənşəyi məlum olan, dövlət nəzarətindən keçmiş və etibarlı satış nöqtələrinə üstünlük vermələri tövsiyə olunur. Mənşəyi bəlli olmayan, xarab olmuş və ya xəstə heyvanlara aid ət məhsulları, xüsusilə də qeyri-rəsmi istehsal və iaşə obyektlərində sağlamlıq üçün ciddi risklər yarada bilər”.


 


Bəsti Rəfizadə

Sfera.az