Rusiya Prezidenti Vladimir Putin ötən ilin dekabrında baş verən təyyarə qəzasında həlak olanların ailələrinə və yaralananlara kompensasiya ödəniləcəyini, həmçinin hadisədə məsuliyyəti olan vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini vəd etsə də, bu öhdəliklər indiyədək yerinə yetirilməyib.


 


Eyni zamanda, Qazaxıstanın qəza ilə bağlı yaratdığı komissiyanın yekun hesabatının açıqlanmaması sualları daha da artırır. Bu proseslər fonunda Kremlin Rusiyadakı Azərbaycan diaspor təşkilatlarına nəzarəti gücləndirməsi və loyal şəxsləri rəhbərliyə gətirməsi diqqət çəkir.


 


Belə bir şəraitdə Prezident İlham Əliyevin Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etməmədi siyasi gündəmdə müzakirələrə səbəb olub.


 


Mövcud proseslər Rusiya-Azərbaycan münasibətlərində hansı mərhələyə işarə edir və Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi zirvə toplantısında iştirakdan imtina etməsi Kremlin regional siyasəti baxımından necə şərh oluna bilər?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Rusiya-Azərbaycan münasibətləri 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasından sonra ən gərgin mərhələsini yaşayır və Kremlin bu hadisəyə münasibətində nümayiş etdirdiyi qeyri-şəffaflıq, ləngimə və manipulyativ taktika ikitərəfli əlaqələrdə dərin etibarın pozulduğunu göstərir.


 


Onun sözlərinə görə, Vladimir Putin oktyabr ayında Duşənbədə keçirilən görüşdə qəzada Rusiyanın məsuliyyətini etiraf edib və kompensasiya vəd etsə də, bu öhdəliklərin yerinə yetirilməsi Moskvanın ümumi davranış modeli ilə uyğun gəlmir və Bakı rəsmilərinin tələbləri hələ də ödənilməyib:


 



 


"Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında sığorta ödənişlərinin aparıldığını iddia edib, lakin Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bu məlumatı "yalnız təəccüblü deyil, həm də yanlış yönləndirici" adlandıraraq vurğulayıb ki, bu ödənişlər AZAL-ın sığorta müqaviləsi çərçivəsində aparılıb və Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilə bilməz".


 


Politoloq nəzərə çatdırıb ki, Azərbaycanın tələbləri tamamilə ədalətli və qonşuluq münasibətləri prinsiplərinə uyğundur:


 


"Moskva bu qəzanın öz səhvi olduğunu rəsmi olaraq etiraf etməli, təyyarəni vuran hərbi şəxslər cəzalandırılmalı, qurbanların ailələrinə və yaralılara kompensasiya ödənilməli və AZAL-a təyyarənin dəyəri qaytarılmalıdır. Lakin Rusiya bu sadə və şəffaf tələbləri yerinə yetirməkdən yayınır və bu da Kremlin beynəlxalq hüquq normalarına və tərəfdaş dövlətlərin tələblərinə hörmət göstərməyən davranış modelini bir daha təsdiqləyi".


 


T.İsmayılov hesab edir ki, Rusiya hökuməti Rusiyadakı Azərbaycan diaspor təşkilatlarına nəzarəti gücləndirməyə, loyal şəxsləri rəhbərliyə gətirməyə və diasporun fəaliyyətini Moskvanın maraqları istiqamətində yönəltməyə çalışır:


 


"Azərbaycan bu proseslərdə prinsipiallığını, qətiyyətini və beynəlxalq hüquqa hörmətini nümayiş etdirir. Bakı Moskvanın təzyiqlərinə boyun əymir və öz tələblərini davamlı şəkildə irəli sürərək beynəlxalq platformalarda səsini ucaldır. Bu yanaşma Azərbaycanın müstəqil, suverenlik və beynəlxalq hüquqa sadiq dövlət kimi mövqeyini gücləndirir və regionda digər kiçik və orta ölkələr üçün nümunə təşkil edir – güclü qonşularla münasibətlərdə belə prinsipial duruş sərgiləmək və öz milli maraqlarını müdafiə etmək mümkündür. Azərbaycan artıq 44 günlük müharibədən sonra regionda öz ərazilərini azad edən, beynəlxalq arenada təsiri artan və öz dəyərlərini müdafiə edə bilən ölkədir. Moskvanın regional hegemonluğunun zəifləməsi və Azərbaycanın getdikcə artan müstəqil mövqeyi Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını göstərir və bu reallıqda Azərbaycan aktiv subyekt kimi çıxış edir".


 


Firuzə Əliyeva


Sfera.az