İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib ki, İsrail düşmənləri ilə mübarizədə harada lazım gələrsə, zərbə endirəcək. Zamir qeyd edib ki, ölkəsinin mümkün hücumları həm yaxın, həm də uzaq cəbhələrdə həyata keçirilə bilər. İsrail mediası da bu açıqlamanı İrana qarşı yeni hücumun zəruriliyinə işarə kimi qiymətləndirib.
Tərəflər arasında gərginlik yenidən alovlana bilərmi? Perspektivdə nələr gözlənilir?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirin açıqlaması Yaxın Şərqdə onsuz da gərgin olan təhlükəsizlik mühitində diqqətlə oxunmalı olan mesajdır:
“Xüsusilə İsrail mediası bu bəyanatı İrana qarşı mümkün yeni hücumun anonsu kimi şərh edir və bu, regionda gərginliyin yenidən aktiv hərbi fazaya keçə biləcəyi ehtimallarını artırır. Zamirin açıqlaması adi ritorika kimi qəbul edilə bilməz, çünki burada verilən mesaj İsrailin klassik təhlükəsizlik doktrinasından irəli gəlir. Bu doktrina preventiv zərbələr, coğrafi məhdudiyyətlərin tanınmaması və təhlükənin mənbəyində neytrallaşdırılması prinsiplərinə əsaslanır. “Yaxın və uzaq cəbhələr” vurğusu isə İsrailin yalnız sərhədləri ətrafında deyil, regionun istənilən nöqtəsində, o cümlədən İran ərazisində və onun regional mövqelərində əməliyyat aparmaq imkanını açıq şəkildə gündəmə gətirir”.
Ekspertin sözlərinə görə, İsrail-İran münasibətlərində gərginliyin yenidən aktiv əməliyyatlara keçməsi ehtimalı tammiqyaslı müharibə riskindən aşağı olsa da, nəzarətli eskalasiya ssenarisi kifayət qədər yüksək görünür:
“Hər iki tərəf anlayır ki, birbaşa münaqişə bütün Yaxın Şərqi əhatə edən genişmiqyaslı qarşıdurmaya çevrilə bilər ki, bu da hazırda nə İsrailin, nə də İranın marağında deyil. Lakin tərəflərin qarşılıqlı zərbələrdən və güc nümayişindən tam imtina etməyəcəyi ehtimalı da yüksək olaraq qalır. İsrailin bu mərhələdə sərt mesaj verməsinin bir neçə səbəbi var. İranın Suriya, Livan, İraq və Yəməndə mövqelərini gücləndirmə cəhdləri, həmçinin ballistik raket və pilotsuz uçuş aparatları (PUA) imkanlarını genişləndirməsi Tel-Əviv üçün strateji təhlükə təşkil edir. Digər tərəfdən, Qəzza müharibəsi və Livan sərhədində davam edən gərginlik fonunda İsrail, İranın vəziyyətdən istifadə edərək təşəbbüsü ələ keçirməsini istəmir. Bu baxımdan sərt açıqlamalar həm çəkindirmə, həm də psixoloji üstünlüyü qorumaq məqsədi daşıyır”.
R.Bayramov bildirib ki, İranın mümkün cavab strategiyası isə ənənəvi xəttə uyğundur:
“Tehran birbaşa İsraillə açıq müharibəyə girməyə çalışmır, əvəzində regional müttəfiqləri və təsir şəbəkəsi olan proksi qüvvələr vasitəsilə təzyiq göstərməyə üstünlük verir. Hizbullah, İraq və Suriya ərazisindəki silahlı qruplar, eləcə də dəniz və enerji marşrutları üzərində risklərin artırılması İranın əsas rıçaqları kimi qalır. Bu strategiya Tehrana həm inkar imkanları yaradır, həm də eskalasiyanı müəyyən həddə qədər nəzarətdə saxlamağa şərait verir. Perspektivdə ən real ssenari açıq müharibədən çox, gizli və yarı-açıq əməliyyatların, kiberhücumların və regional toqquşmaların intensivləşməsidir. Əsas təhlükə isə tərəflərin planlı addımlarından deyil, yanlış hesablanmış zərbələr və ya nəzarətdən çıxan proseslərdən qaynaqlana bilər. Nəticə etibarilə, İsrail-İran qarşıdurması son dərəcə kövrək balans üzərindədir və bu balansın pozulması bütün region üçün ağır nəticələrə səbəb ola bilər”.
Bəsti Rəfizadə
Sfera.az