Hər birimiz ay sonu gəldikdə, maaşımız bitdikdə gərginlik yaşayırıq. İqtisadi təzyiq və maliyyə qeyri-müəyyənliyi yalnız gündəlik stressə səbəb olmur, eyni zamanda insanların psixoloji vəziyyətinə də mənfi təsir göstərir.
Uzunmüddətli dövrdə bu gərginlik depressiya, narahatlıq, yuxu pozuntuları və digər sağlamlıq problemlərinə yol aça bilər.
Neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlamasında bildirib ki, hər birimiz ayın sonuna yaxın maaşımız tükəndikdə müəyyən gərginlik yaşayırıq. Onun sözlərinə görə, bu hal ilk baxışda fərdi bir hiss kimi görünsə də, əslində iqtisadi gərginliyin cəmiyyət üzərində yaratdığı daha geniş və dərin psixoloji təsirlərin tərkib hissəsidir:
“Ay sonu maaşın bitməsi ilə yaranan stress beynin təhlükə və qorunma mexanizmləri ilə birbaşa əlaqəlidir. Maddi qeyri-müəyyənlik beyin tərəfindən potensial təhlükə siqnalı kimi qəbul olunur. Bu səbəbdən maliyyə stresi təkcə pul problemi deyil, eyni zamanda neyrobioloji reaksiyadır. Təhlükəsizlik hissi zəiflədikdə emosional balans da pozulur. İqtisadi böhranların cəmiyyətə əsas təsiri yoxsulluğun və işsizliyin artması şəklində özünü göstərir. Yoxsulluq və işsizlik insanların ruh sağlamlığına birbaşa mənfi təsir edir. Maddi imkanların azalması, gələcəyin qeyri-müəyyənliyi və sosial güvən hissinin itməsi insan psixikasında ciddi sarsıntılar yaradır. Araşdırmalar göstərir ki, yoxsulluq və işsizlik depressiya, anksiyete pozuntuları, alkoqol və maddə asılılığı kimi bir sıra psixi problemlərin riskini əhəmiyyətli dərəcədə artırır. Bu münasibət birtərəfli deyil. Yəni təkcə işsizlik və yoxsulluq ruhsal problemlərə yol açmır, eyni zamanda psixi sağlamlığı pozulmuş şəxslərdə işsiz qalma və yoxsullaşma ehtimalı da daha yüksək olur. Ruh sağlamlığı problemi yaşayan insanların stabil iş tapmaqda çətinlik çəkməsi onların sosial və iqtisadi vəziyyətini daha da ağırlaşdırır. Bundan əlavə, bu şəxslərin psixoloji və tibbi yardım xidmətlərinə çıxışı da məhdudlaşır ki, bu da xəstəliklərin gedişatına mənfi təsir göstərir. Neyropsixoloji dəyərləndirmələrə əsasən demək olar ki, uzunmüddətli iqtisadi stress beynin təhlükə siqnallarını idarə edən mexanizmləri daimi aktiv vəziyyətdə saxlayır. Bu zaman beyin resursları məntiqi düşünmə və problem həllinə deyil, əsasən qorunma və sağ qalma instinktinə yönəlir. İnsan davamlı olaraq işini itirmə, borclarını vaxtında ödəyə bilməmə qorxusu ilə yaşadıqda beyin fasiləsiz fövqəladə vəziyyət rejimində işləyir. Nəticədə diqqət pozuntuları, emosional partlayışlar, yuxu problemləri və qərarvermə qabiliyyətinin zəifləməsi müşahidə olunur”.
Neyropsixoloqun fikrincə, iqtisadi çətinliklərin yaratdığı problemlər yalnız işsizliklə məhdudlaşmır:
“Digər ciddi və çox zaman diqqətdən kənarda qalan məsələ qeyri-rəsmi məşğulluğun artmasıdır. Böhranlardan sonra bir çox insan daha ağır şərtlər altında, sosial təminatsız və hüquqi müdafiəsiz şəkildə işləməyə məcbur qalır. Bu şəraitdə çalışan şəxslərdə iş yükü artır, gələcək güvən hissi azalır və işsiz insanlara bənzər psixoloji problemlər formalaşır. Həddindən artıq çalışma, istirahətin olmaması və daimi qorxu hissi zamanla psixoloji tükənməyə gətirib çıxarır. Aşırı çalışma tükənmişlik sindromunun əsas səbəblərindən biridir. Bu proses adətən emosional tükənmə ilə başlayır, daha sonra insanın öz işinə və ətrafına yadlaşması, öz bacarıqlarını dəyərsiz hiss etməsi ilə davam edir. Nəticədə iş məmnuniyyəti azalır, motivasiya zəifləyir və ruhsal problemlər dərinləşir. İqtisadi böhranlar ailədaxili münasibətlərə də ciddi təsir göstərir. Ailənin əsas gəlir mənbəyinin itməsi və ya azalması ailə üzvləri arasında gərginliyi artırır, rolların dəyişməsinə və ailə bütövlüyünün sarsılmasına səbəb olur. Bu dövrlərdə ailədaxili dəstəyə ehtiyac artsa da, çağdaş cəmiyyətlərdə bu yükün yalnız ailənin üzərinə qoyulmaması, dövlət və sosial sistemlər tərəfindən dəstək mexanizmlərinin işə salınması vacibdir. İqtisadi gərginliyin ruh sağlamlığına təsirini azaltmaq üçün yalnız fərdi deyil, struktur səviyyəsində də tədbirlər görülməlidir. Risk qrupunda olan işsiz və yoxsul təbəqələr üçün pulsuz psixoloji dəstək mexanizmlərinin yaradılması cəmiyyətin ümumi psixoloji sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Müsahibimiz qeyd edib ki, stresslə başa çıxma bacarıqlarının gücləndirilməsi də vacibdir:
“Maliyyə planlaması, əvvəlcədən hazırlıq və nəzarət hissi yaradan sadə addımlar (büdcə tərtibi, ehtiyat vəsaitin yaradılması) beynin təhlükə siqnallarını zəiflədir və stress reaksiyasını azaldır. Sosial dəstək axtarmaq, psixoterapiya və məsləhət xidmətlərindən yararlanmaq isə bu çətin dövrlərin daha sağlam keçməsinə kömək edir. Nəticə etibarilə, ay sonu maaşın bitməsi ilə hiss edilən gərginlik təkcə fərdi narahatlıq deyil, daha böyük bir psixososial problemin göstəricisidir və bu problemlə mübarizə aparmaq üçün ruh sağlamlığını prioritet hesab edən sistemli yanaşma zəruridir”.
Niyaz Hacıyev
Sfera.az