ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynadakı münaqişənin siyasi razılaşma əldə ediləcəyi təqdirdə qısa müddətdə həll oluna biləcəyini bildirib. Onun sözlərinə görə, belə bir razılaşma baş verərsə, münaqişə növbəti 90 gün ərzində başa çata bilər.
Sfera.az xəbər verir ki, Uitaker bu fikirləri “Fox News” telekanalına müsahibəsində səsləndirib. O, Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarının qarşıdan gələn qış mövsümünü Ukrayna üçün olduqca çətinləşdirəcəyini vurğulayıb. Eyni zamanda, ABŞ rəsmisi ukraynalıların da cavab zərbələri üçün beynəlxalq dəstək axtardıqlarını qeyd edərək, mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini bildirib.
“Bütün bunlara son qoyulmalıdır”, – deyə Uitaker əlavə edib. Bu arada, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl jurnalistlərə açıqlamasında Moskvanın ABŞ ilə dialoqu davam etdirmək imkanlarının mövcud olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ-nin Florida ştatının Mayami şəhərinə səfərinin nəticələri barədə Rusiya rəhbərliyi məlumatlandırılıb. Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar 20-21 dekabr tarixlərində Mayamidə keçirilib. Görüşlərdə Amerika tərəfini prezidentin xüsusi elçisi Stiven Uitkoff, ABŞ prezidentinin kürəkəni və sahibkar Cared Kuşner, həmçinin Ağ Evin köməkçisi Coş Qruenbaum təmsil edib.
Niyaz Hacıyev
Sfera.az