2025-ci ildə Azərbaycan xalqı mədəniyyət, incəsənət, elm və ictimai-siyasi həyatda tanınan bir çox şəxslərini itirdi. Vəfat edənlər arasında aktyorlar, musiqiçilər, yazıçılar, jurnalistlər, siyasətçilər və sahibkarlar var. Onların hər biri Azərbaycan mədəniyyətinə, ictimai, siyasi və iqtisadi həyatına verdikləri töhfələrlə tanınıb.
Sfera.az 2025-ci ildə haqq dünyasına qovuşan tanınmışları xatırladır:
Azər Baxşəliyev
Aktyor Azər Baxşəliyev 2025-ci il yanvarın 5-də böyrək çatışmazlığından dünyasını dəyişib. O, “Bozbash Pictures” layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazları ilə tanınırdı və tamaşaçılar tərəfindən böyük maraq və sevgi ilə izlənirdi.
Ənvər Həsənov
Azərbaycanın sevimli aktyorlarından olan Ənvər Həsənov 1950-ci ildə anadan olub. “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Babək”, “Atları yəhərləyin”, “Uşaqlığın son gecəsi” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.Ənvər Həsənov 74 yaşında vəfat edib.
Arif Babayev
1938-ci il fevralın 20-də anadan olan Xalq artisti Arif Babayev muğam sənətinin görkəmli nümayəndəsi olub. Muğam professoru adını alan ilk sənətkar kimi tarixə düşüb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z.Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş.Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənib və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub. Avqustun 1-də dünyasını dəyişib.
Elçin Əfəndiyev
Tanınmış yazıçı Əfəndiyev avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib. O, 1943-cü il mayın 13-də dünyaya gəlib. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadimi idi.
Cabir İmanov
Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992-2001-ci illərdə "Parni iz Baku" şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Əməkdar artist Cabir İmanov sentyabrın 29-da infarkt səbəbilə həyatını itirib. Onun 49 yaşı var idi
Əminə Yusifqızı
1936-cı ilin 24 sentyabrnda dünyaya göz açan Əminə Yusifqızı səhnədə Qulu (“Anacan”, Y. Əzimzadə), Səbirə (“Son məktub”, R. İsmayılov), Humay (“Komsomol poeması”, İ. Coşğun – Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər (“Söz yarası”, Q. Rəsulov), Əliman (“Ana tarla”, Çingiz Aytmatov), Esse (“Şeytanın şagirdi”, Bernard Şou) və digər yaddaqalan obrazları canlandırıb. Əminə Yusifqızı “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və digər filmlərdə, həmçinin televiziya tamaşalarında yaddaqalan rolları ilə tamaşaçı sevgisi qazanıb. Aktrisa oktabrın 89 yaşında dünyasını dəyişib.
Ağakərim Meyxanaçı (Kərim Novruzov)
Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb. Meyxanaçı 19 dekabr dünyasını dəyişib.
Vahid Əliyev
Aktyor 7 fevral 1952-ci ildə Tovuz şəhərində anadan olub. Vahid Əliyev 2011-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Əməkdar artist Vahid Əliyev uzunsürən xəstəlikdən sonra noyabrın 6-da 73 yaşında vəfat edib.
Fatma Rza qızı Hüseynova
Fatma Hüseynova 86 yaşında vəfat edib. O, Azərbaycanın məşhur pambıq ustası, Sosialist əməyi qəhrəmanı idi.
1939-cu ildə Sabirabad rayonunda anadan olan Fatma xanım Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuşdu.
Fatma Hüseynova 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
Ramiz Quliyev
1947-ci il aprelin 30-da Ağdamda anadan olan Xalq artisti, tarzən Ramiz Quliyev 78 yaşında dünyasını dəyişib.
Oqtay Şirəliyev
1950-ci ildə Bakıda anadan olub. O, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub. Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev 3 oktyabrda vəfat edib.
Hacı Murad Yagizarov
1939-cu ildə Bakıda anadan olub. Xalq artisti sentyabrın 13-də Almaniyada müalicə aldığı xəstəxanada 86 yaşında vəfat edib. O, ilk dəfə Tofiq Tağızadənin "Uzaq sahillərdə" (1958) filmində epizodik partizan rolunda və daha sonra "Ögey ana" (1958) filmində Ayaz rolunda çəkilib. Ardınca "Arşın mal alan" (1965) filmində Süleyman obrazı daxil olmaqla, bir-birinin ardınca çoxsaylı filmlərdə əsas və ikinci dərəcəli rollar canlandırıb. Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov 86 yaşında sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Xatırladaq ki, 16 sentyabr Xalq artisti Hacı Murad Yagizarovun nəşi Almaniyadan Azərbaycana gətirilib.
Yadigar Muradov
Əməkdar artist Yadigar Muradov da bu il dünyasını dəyişən məşhurlar arasında olub. 2024-cü ilin yanvarında Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb. 18 noyabrda müalicə aldığı xəstəxanada vəfat edib. Yadigar Muradov Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru olub.
İlyas İsmayılov
1938-ci il də Tovuz şəhərində anadan olub. O, dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR-nin prokuroru və Azərbaycan Respublikasının keçmiş ədliyyə naziri, hüquq elmləri doktoru, professor, keçmiş deputat, Ədalət Partiyasının sədri kimi tanınıb. 2025-ci il fevralın 17-də vəfat edib.
Xanhüseyn Kazımlı
X. Kazımlı birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, həmçinin 1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib. O, iyulun 24-də 83 yaşında dünyasını dəyişib.
Abdolbari Gözəl
“Azərsun Holdinq”in qurucusu Abdolbari Gözəl 18 yanvar 2025-ci ildə Dubayda dünyasını dəyişib. O, ölkədə özəl sektorun formalaşması və sahibkarlığın inkişafında mühüm rol oynamışdı. “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunmuşdu.
Vidadi Babanlı
V.Babanlı 1927-ci il yanvarın 5-də Qazaxda dünyaya gəlib. “Şərəf” ordenli yazıçı 98 yaşında avqust ayında dünyasını dəyişib.
Roza Cəlilova
Cəlilova 1929-cu ildə Qubada doğulmuş Roza Cəlilova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərib, 1989-cu ildə yaratdığı “Gülüstan” rəqs ansamblı ilə milli rəqs sənətinin inkişafına töhfə verib. Xalq artisti 19 noyabrda vəfat edib.
Fidan Hacızadə
Sfera.az