ABŞ rəsmisi bildirib ki, Vaşinqton administrasiyası Venesuela sahillərində ən azı iki ay dəniz blokadasını davam etdirməyi və neft tankerlərinin ölkəyə girişinin qarşısını almağı planlaşdırır.

Mənbənin sözlərinə görə, ABŞ-nin Venesuelaya yönəlik siyasətində hərbi müdaxilə variantı masada qalsa da, əsas prioritet sanksiyaların gücləndirilməsi və iqtisadi təzyiq vasitəsilə Ağ Evin istədiyi nəticəyə nail olmaqdır.


 


ABŞ-nin Venesuellaya qarşı bu cür davranmasında əsas məqsəd ölkə başçısı Maduronun istefasına nail olmaqdır. Hələlik ABŞ blokada və digər tədbirlərlə Maduronun istefasına nail ola bilmir. 




Bəs son tədbirlər də nəticə verməsə ABŞ başqa hansı addımlar ata bilər?  


 


Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan Venesuelanın neft yataqlarını ələ keçirmək üçün ABŞ-nin hərbi müdaxilə planının özünü doğrultmaya biləcəyini deyib. 


 


Onun sözlərinə görə, bütün regionun qarışmasına səbəb olacaq bu plan ümumiyyətlə Amerika qitəsi üçün fəlakətə çevrilə bilər:


 


“ABŞ-nin işğal və müstəmləkə siyasəti beynəlxalq təşkilatların da etirazına səbəb ola bilər. Ola bilsin ABŞ-nin əlinə ətraflı kəşfiyyat məlumatları düşüb, müəyyən strateji nöqtələrin zəif yerlərini öyrəniblər. Ona görə də indiki halda bu cür cəsarətlə addım atır. Sanksiya və iqdisadi təziq özünü doğrultmur. Hərbi müdaxiləni istisna edirəm. Çünki buna cəsarət etmək üçün bütün bölgənin fəlakətə bürünməsinə göz yumasan gərək”.


 



 


T.İrfan bildirib ki, Maduronun hakimiyyətdən getməsi isə ona qarşı sui-qəsd planı icra etməklə ola bilər:


 


“Ehtimal ki, ABŞ-nin kəşfiyyat qurumları və agentləri bunun üzərində işləyirlər. Əgər istefa verməsə, yaxud öldürülməsə sona qədər mübarizə aparacaq. Hələ ki, hərbi müdaxilə gözlənilmir, sadəcə sanksiya və təhdid, mühasirə və dəniz quldurluğu yolu ilə Venesuelaya qarşı psixoloji, iqtisadi təziq göstərilir. Bu cür addımlarla ABŞ-nin istəyinə nail olub-olmayacağını isə zaman göstərəcək”.


 


Fidan Hacızadə

Sfera.az