Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri ilə bağlı müvafiq hazırlıq işləri aparılır. Bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib.
Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezidentin səfəri hansı məqsədi daşıya bilər? Hansı məsələlər müzakirə olunacaq?
Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Tehrana səfərinin reallaşması çox yaxşı haldır. Onun sözlərinə görə, bu səfər 2025-ci ildə İran-Azərbaycan münasibətlərində olan dinamikanı müqayisə etmək, təhlil etmək, dəyərləndirmək üçün çox yaxşı fürsətdir:
“İran və Azərbaycan arasında münasibətlərdə mehriban qonşuluq siyasətinin olması arzuolunandır. İran bizim mühüm qonşumuzdur. Nəinki regionda,eləcə də dünyada önəmli geosiyasi aktordur. İran və Azərbaycan arasında çox anlaşılan, proqnozlaşdırılan, açıq-aydın şəffaf münasibətlərin olması da prioritetdir”.
Politoloq qeyd edib ki, İran daxilində Zəngəzur dəhlizinin açılmasına, İran-Azərbaycan münasibətlərinin inkişafına tənqidi prizmadan yanaşan qüvvələr var:
“Bu da İran daxilində çoxşaxəli, müxtəlifqütblü idaretmə modelinin olması səbəbindən baş verir. Lakin, İran prezidenti ilə yaxşı olan münasibətlər onu deməyə əsas verir ki, bütün məsələləri həll etmək mümkündür. Ən azı belə imkanlar var. Bu imkanlardan hazırki reallıqlarda daha geniş və maksimum dərəcədə istifadə etmək önəmlidir. Biz doktor Məsud Pezeşkianın Azərbaycana səfərini çox yaxşı xatırlayırıq. Bu səfər çox mühüm nəticələrlə yadda qaldı. Əldə olunan qənaətləri, əldə olunan razılaşmaları daha da inkişaf etdirmək vacibdir”.
Niyaz Hacıyev
Sfera.az