Azərbaycan Ermənistanla sülh müqaviləsini bağlamasına baxmayaraq artıq ilk məhsulunu qonşusuna satıb. 2025-ci ilin dekabrın 18-də SOCAR tərəfindən ilk dəfə olaraq Ermənistana yerli neft məhsulu göndərilib. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil benzini bir gün sonra Ermənistana çatıb.
Azərbaycanın Ermənistana ixrac etdiyi ilk məhsulun yanacaq olması müəyyən suallar doğurur. Bunun subliminal mesaj olduğunu düşünənlər də var. Sanki Azərbaycan bununla Ermənistana bu ölkənin yanacaq bazarında da aktiv rol oynamaq istədiyinin mesajını verib.
Qeyd edək ki, Azərbaycan qonşusu Gürcüstanın enerji və yanacaq bazarında əsas oyunçulardan biridir. Gürcüstanın təbii qaza və avtomobil yanacağına olan tələbatının böyük hissəsi Azərbaycandan idxal hesabına ödənilir. Eyni zamanda, Azərbaycan Gürcüstana elektrik enerjisi də ixrac edir. Bu əməkdaşlıq uzun illər ərzində formalaşmış etimada, inkişaf etmiş infrastruktur imkanlarına və qarşılıqlı iqtisadi maraqlara əsaslanır.
Son dövrlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan ilkin addımlar da oxşar modelin Ermənistanda tətbqinin mümkünlüyünə dair suallar yaradıb.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Gürcüstanla bu əlaqələr müstəqillik elan olunduqdan bəri, yəni təxminən 35 il ərzində formalaşıb:
“Təbii ki, bu 35 il ərzində dostluq və qonşuluq münasibətlərinin mövcudluğu, Azərbaycanın iqtisadi davamlılığı baxımından Gürcüstanın rolu, yəni Azərbaycanın əsas tranzit xətlərinin Gürcüstan üzərindən keçməsi daha dərin münasibətlərin formalaşmasına səbəb olub. Ermənistanla bağlı isə hələlik yeni-yeni müəyyən addımlar atılır və bu, sülh quruculuğu baxımından doğrudan da önəmlidir. Müəyyən əlaqələrin yaranması vacibdir, lakin buna zaman lazım olacaq. Çünki dövlətlərarası münasibətlər daha rahat formalaşır. Dövlətlərarası münasibətlər dedikdə, məsələn, elektrik enerjisi, neft məhsulları və təbii qazın Azərbaycan tərəfindən satışı daha asan həyata keçirilir”.
İqtisadçı Gürcüstanla münasibətlərdə təkcə dövlət müəssisələri deyil, özəl sektorların da fəal rol oynadığını bildirib:
“Gürcüstan-Azərbaycan ticarət əlaqələrinə baxdıqda görürük ki, özəl sektor ciddi paya malikdir. Ermənistanla münasibətlərdə isə özəl sektorun prosesə qoşulması zaman alacaq. Çünki ölkələr bir-birini tanımalıdır, bank sistemləri qarşılıqlı şəkildə işləməlidir, pul köçürmələri həyata keçirilməlidir. İnvestisiyaların və biznesin qorunması ilə bağlı müvafiq qanunlar qəbul olunmalıdır. Yəni bütün bunlar zaman tələb edir. Bu baxımdan daha rahat olan dövlətlərarası münasibətlərdir. Gələcəkdə Azərbaycan Ermənistanın enerji təminatında ciddi rol oynaya bilər. Bunun üçün potensial da mövcuddur, çünki Ermənistan bazarı çox kiçikdir və Azərbaycanın potensialı bunu təmin etməyə kifayət qədər imkan verir”.
Bəsti Rəfizadə
Sfera.az