Hər il bayramqabağı evlərdə müxtəlif təamlar hazırlanır, bayramlarda həmin yemək və salatlar süfrələrə düzülür. Məlumdur ki, bir çox hallarda hazırlanan yeməklərin, salatların hamısını istehlak etmək mümkün olmur və bu səbəbdən həmin təamlar günlərlə istifadə edilir.
Bu hal bayramöncəsi bişirilən yeməklərin, hazırlanan salatların təhlükəsiz saxlanması məsələsini gündəmə gətirir.
Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov qeyd edib ki, bişmiş yeməklər otaq temperaturunda 2 saatdan artıq saxlanmamalı, bu müddətdən sonra mütləq soyuducuya yerləşdirilməlidir:
"Qida təhlükəsizliyi qaydalarına əməl edilmədikdə bakteriyaların çoxalması sürətlənir və zəhərlənmə riski artır.
Soyuducuda saxlanma müddətləri belədir:
Bişmiş ət yeməkləri (qovurma, dolma, kotlet və s.) 2–3 gün.
Toyuq və hinduşka yeməkləri 2 gün.
Balıq yeməkləri maksimum 1-2 gün.
Şorbalar və sulu xörəklər 2-3 gün.
Mayonezli salatlar - 24 saatdan çox olmamaq şərti ilə.
Tərəvəz əsaslı salatlar (mayonezsiz) 2 gün.
Şirniyyatlar (kremli tortlar) 24-48 saat, quru şirniyyatlar isə 5-7 gün.
Daha tez xarab olan qidalar əsasən mayonezli, kremli, balıq və toyuq tərkibli yeməklərdir. Nisbətən uzunömürlü qidalar isə yaxşı bişmiş ət yeməkləri, şorbalar və quru şirniyyatlardır”.
Ekspert bildirib ki, yeməklərin və digər qidaların saxlanılması zamanı diqqət yetirilməli olan vacib məqam qablaşdırmadır:
"Hava keçirməyən qabda saxlanmalı, hər dəfə yalnız yeyiləcək qədər qızdırılmalıdır. Qoxusu, rəngi və ya dadı dəyişmiş qidalar isə bayram israfı olmasından asılı olmayaraq istehlak edilməməlidir. Bu qaydalara əməl etməklə yeni il süfrəsini həm zəngin, həm də təhlükəsiz saxlamaq mümkündür”.
Fidan Hacızadə
Sfera.az