İtaliyanın Baş naziri Corcia Meloni 2026-cı ilin ölkə üçün daha çətin keçəcəyini bildirib.




Sfera.az-ın məlumatına görə, Meloni paytaxt Roma şəhərində yerləşən Baş nazirliyin iqamətgahı Palazzo Kicidə keçirilən Yeni il tədbirində Baş nazirlik əməkdaşlarına müraciət edib.




Baş nazirlik ofisinin yerləşdiyi tarixi sarayın həyətində, yağış altında baş tutan tədbirdə çıxış edən Meloni gələn ilə dair gözləntilərini bölüşüb. O, öz komandası, müşavirlər, katiblər və direktorların iştirak etdiyi çıxışında bildirib ki, geridə qalan il hamı üçün çətin olub.




“Bu il hamımız üçün çətin keçdi, amma narahat olmayın, 2026-cı il daha da çətin olacaq”, – deyə Meloni zarafatla qeyd edib.




İtaliya hökumətinin başçısı çıxışında kollektiv ruhun əhəmiyyətini vurğulayaraq, “Sizi sevirəm. Biz bir ailəyik və il boyu birlikdə mübarizə aparırıq”, – deyə əlavə edib.




Meloni həmçinin əməkdaşlara bayram günlərində yaxşıca dincəlməyi tövsiyə edərək bildirib ki, qarşıdakı dövrdə ölkə üçün mühüm qərarların qəbulu və həll yollarının tapılması davam etdirilməlidir.




Bəsti Rəfizadə

Sfera.az