Türkiyə və Azərbaycan sərhədlərinə çatan dəmir yolu hissələri Rusiyanın nəzarətindədir. Rusiyanın bu hissələrin vaxtında bərpası ilə bağlı problem yaşadığı təqdirdə Ermənistan onları ölkənin mülkiyyətinə keçirməyə və dövlət büdcəsi hesabına bərpa etməyə hazırdır.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat brifinqində deyib. Paşinyan qeyd edib ki, maneələr yaranarsa, Ermənistan belə bir addım atmağa hazırdır. Baş nazir vurğulayıb ki, Ermənistan ilk mərhələdə İcevan şəhərinin dəmir yolu stansiyası da daxil olmaqla Tavuş vilayətinin dəmir yolunun bərpasına başlamağı vacib hesab edir.
Ermənistan hökumətinin başçısı həmçinin Ermənistan və Türkiyə sərhədindəki dəmir yolunun Axurik kənd hissəsinin, eləcə də Yerasx kənd stansiyasından Azərbaycanın Naxçıvan sərhədinə qədər olan dəmir yolunun bərpasına da önəm verib.
Bundan əlavə, Ermənistanın Baş naziri Rusiya tərəfdaşlarının bu işi mümkün qədər tez yerinə yetirəcəyinə ümid etdiyini bildirib və Rusiya Prezidenti Vladimir Putinlə regionda baş verən müsbət dəyişiklikləri, eləcə də onların Ermənistanla Rusiya arasında münasibətlərin inkişafı, eləcə də Avrasiya İqtisadi İttifaqı üçün yaratdığı imkanları müzakirə etdiyini təsdiqləyib.
Firuzə Əliyeva
Sfera.az