Sinqapurda yaşayan 36 yaşlı Vyetnam vətəndaşı 12 həftəlik həbs cəzasına məhkum edilib. 


 


Sfera.az bildirir ki, Nguyen Thi Phuong Thuy adlı Vyetnam vətəndaşı ikiərlilikdə ittiham olunur. O, hamilə ikən ikinci dəfə evlənib. 




Məhkəmə qadının Sinqapur vətəndaşı ilə qanuni olaraq evli olduğunu və ikinci evliliyini rəsmi olaraq Vyetnamda qeydə aldığını müəyyən edib.




Bundan əlavə, məhkəmə zamanı onun immiqrasiya orqanlarına uşağı olmadığını iddia edərək yalan məlumat verdiyi nəzərə alınıb.


 


Nguyenin ilk evliliyi 2008-ci ilin avqust ayında, 19 yaşında ikən baş tutub. Əri 54 yaşlı, özündən 35 yaş böyük Sinqapurlu olub. Nikah rəsmi olaraq Sinqapurda qeydiyyata alınıb.


 


Bir neçə il sonra o, müalicə üçün Vyetnama qayıdıb. Orada o, özündən cəmi üç yaş böyük bir kişi ilə tanış olub və onlar romantik münasibətlərə başlayıblar. Bu dövrdə Nguyen əsasən Vyetnamda yaşayıb.


 


Hakimiyyət orqanlarının ikiərliliyi necə aşkar etdiyi dəqiqləşdirilməyib.


 


2015-ci ildə, artıq hamilə olan qadın, ilk evliliyinin hələ də mövcud olmasına baxmayaraq, ikinci evliliyini Vyetnamda qeydiyyata alıb. Bundan sonra qadın Vyetnamda qalıb və yalnız uzunmüddətli vizasını yeniləmək üçün Sinqapura qayıdıb.


 


Nguyen yalnız 2016-cı ildə ilk əri ilə boşanma prosesinə başlamaq üçün Sinqapura qayıdıb. Onların nikahı rəsmi olaraq 2017-ci ilin noyabr ayında pozulub. İkinci nikah isə 2018-ci ilin mart ayında Vyetnamda ləğv edilib.


 


Məhkəmə iclası zamanı qadın göz yaşlarına boğularaq əfv istəyib. Tərcüməçi vasitəsilə o, tək ana olduğunu və 10 yaşlı oğlunun yeganə qəyyumu olduğunu izah edib. O, həmçinin atasının qismən iflic və anasının yaşlı olduğunu, ailənin həm maddi, həm də emosional cəhətdən yeganə dəstəkçisi olduğunu bildirib.


 


Hakim təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq prokurorluğun tələb etdiyindən daha yüngül cəza təyin edib. Prokurorluq üç aylıq həbs cəzası tələb etsə də, qadın 12 həftəlik cəza alıb. 


 


Qeyd edək ki, Sinqapurda ikili həyat yoldaşlıq yeddi ilə qədər həbs və cərimə ilə cəzalandırılır.


 


Aynil