Deputat Fariz İsmayılzadənin magistraturanı bitirən şəxslərin daha yüksək maaş almalı olduğu barədə səsləndirdiyi fikir geniş müzakirələrə səbəb olub. Bu yanaşma təhsilin səviyyəsi ilə əməkhaqqı arasında birbaşa əlaqənin qurulmasının nə dərəcədə məqsədəuyğun olması məsələsini gündəmə gətirir.


 


Xüsusilə son illər ali təhsilli gənclərin sayının artması, bakalavr və magistr pillələri arasındakı fərqlərin əmək bazarında necə qiymətləndirilməsi ilə bağlı sualları aktuallaşdırır.


 


Suallarımızı cavablandıran təhsil eksperti Elvin Bədirli Sfera.az-a açıqlamasında bildirib ki, magistratura təhsili fərdin təhsil həyatında mühüm yer tutur və adətən bir sıra üstünlüklər qazandırır.



 


Onun sözlərinə görə, dərinləşdirilmiş ixtisas bilikləri, analitik və tədqiqat bacarıqları, strateji düşünmə və qərarvermə qabiliyyəti bu üstünlüklər sırasında xüsusi yer tutur:


 


"Bu meyarları nəzərə alaraq demək olar ki, magistr təhsili olan şəxslər əmək bazarında daha yüksək dəyər yaratmalı və bu dəyər əməkhaqqında da öz əksini tapmalıdır. Lakin real əmək bazarı hər zaman bu prinsipi tətbiq etmir və bunun bir sıra səbəbləri mövcuddur. İlk növbədə, işəgötürənlər əksər hallarda diplomdan daha çox nəticəyə üstünlük verirlər. Onlar üçün praktiki bacarıqlar, iş təcrübəsi, performans göstəriciləri, faydalı iş əmsalı və problem həll etmə sürəti daha cəlbedici meyarlardır”.


 


Ekspert qeyd edib ki, bununla yanaşı, elə sahələr mövcuddur ki, magistratura təhsilinin olması birbaşa və ya dolayı yolla fərq yaradır və bu, əməkhaqqına da avtomatik təsir göstərir:


 


“Xüsusilə təhsil sahəsində və müxtəlif idarəetmə strukturlarında magistr dərəcəsi həm maaşa təsir edir, həm də vəzifə yüksəlişində əsas göstəricilərdən biri hesab olunur. Ali təhsil müəssisələrində magistr dərəcəsi olmayan şəxslərin karyera yüksəlişi isə əksər hallarda məhdud qalır. Sağlam əmək bazarında ideal model kimi belə bir yanaşma nəzərdən keçirilə bilər: əgər iki şəxs eyni işi görür və eyni performans göstərirsə, magistr təhsili olanlara müəyyən fərqləndirmə tətbiq oluna bilər. Lakin bu zaman ədalət prinsipini qorumaq olduqca çətin məsələdir. Nəticə etibarilə demək olar ki, magistratura təhsili əməkhaqqını avtomatik artırmır, lakin karyerada yüksəlmək üçün yeni imkanlar yaradır. Çünki əməkhaqqı yalnız diplomla deyil, real nəticə ilə ölçülməlidir. Əgər diplom real dəyər yaradırsa, bu fərq əmək bazarında da hiss olunmalıdır”.


 


Niyaz Hacıyev


Sfera.az