2025-ci il avtomobil sənayesi üçün geri çağırmaların intensivliyi ilə yadda qalıb. Müxtəlif istehsalçı şirkətlər avtomobillərdə aşkarlanan proqram təminatı nasazlıqları, arxa görüntü kameraları ilə bağlı problemlər, sükan və elektrik sistemlərindəki qüsurlar səbəbindən genişmiqyaslı geri çağırma kampaniyaları həyata keçiriblər.


 


Sfera.az xəbər verir ki, beynəlxalq nəzarət qurumları və avtomobil məlumat platformalarının yaydığı hesabatlara əsasən, il ərzində milyonlarla avtomobil təhlükəsizlik və texniki problemlərə görə rəsmi servislərə çağırılıb.




Avtomobil sənayesində geri çağırmalar üzrə məlumatları toplayan “BizzyCar” platforması 2025-ci ilin üçüncü rübünə dair hesabatını açıqlayıb. Hesabata görə, geri çağırmaların sayına görə ilk yerdə ABŞ istehsalçıları qərarlaşıb.


 


“Ford” siyahıya liderlik edir




Amerikalı avtomobil istehsalçısı “Ford Motor Company “2025-ci ilin ilk üç rübü ərzində ümumilikdə təxminən 9,42 milyon avtomobili geri çağırıb. Geri çağırmalar əsasən parklanma sistemi, kameralar və elektrik avadanlıqları ilə bağlı nasazlıqları əhatə edib.


 


“Toyota” və “Stellantis” ilk üçlükdədir




Yapon avtomobil nəhəngi “Toyota” proqram təminatı və təhlükəsizlik sistemlərində aşkar edilən problemlərə görə təxminən 1 milyon 446 min avtomobili servislərə çağırıb.




“Peugeot”, “Jeep” və “Chrysler” markalarını özündə birləşdirən “Stellantis” isə 1 milyon 439 min avtomobil üzrə geri çağırma həyata keçirib. Xüsusilə hibrid modellərdə batareya problemləri və yanğın riski diqqət çəkib.


 


“General Motors” və “Honda” da siyahıdadır




“General Motors” şirkəti “Cadillac”, “Chevrolet” və “GMC” modellərində müəyyən edilən texniki nasazlıqlar səbəbindən təxminən 967 min avtomobili geri çağırıb.

“Honda” isə əsasən proqram təminatı xətaları və təhlükəsizlik riskləri ilə əlaqədar olaraq 891 min avtomobili rəsmi servislərə yönləndirib.


 


“Kia” və “Tesla” ilk yeddiliyi tamamlayır




Cənubi Koreya istehsalçısı “Kia” 726 min 708 avtomobili geri çağırıb. Geri çağırmalar əsasən “K5” modeli üzrə yanacaq çəni və təhlükəsizlik sistemi ilə bağlı problemlərlə əlaqədar olub.

Elektrikli avtomobil istehsalçısı “Tesla” isə “Model 3”, “Model Y” və digər modelləri əhatə edən müxtəlif texniki problemlərə görə təxminən 662 min avtomobili geri çağırıb.


 


Mütəxəssislər bildiriblər ki, geri çağırmalar avtomobil istehsalçılarının təhlükəsizlik risklərini vaxtında aradan qaldırması baxımından mühüm əhəmiyyət daşıyır və sürücülərə rəsmi bildirişləri diqqətlə izləmək tövsiyə olunur.




Bəsti Rəfizadə

Sfera.az