Azərbaycanda ümumi qiymət artımına ərzaq məhsullarının bahalaşması daha güclü təsir edir. Qeyri-ərzaq və pullu xidmətlərdə də bahalaşma olduqda bu, ümumən qiymətlərə artırıcı təsir göstərir. Lakin bu təsir ərzaq qiymətlərindəki artım qədər güclü olmur. Bunun səbəbi Azərbaycan əhalisinin xərclərində ərzaq məhsullarının payının daha böyük olmasıdır. 




Proqnozlara görə, 2026-cı ildə dünyada su çatışmazlığı, quraqlıq və regional müharibələrlə əlaqədar olaraq ərzaq məhsullarında bahalaşma tempi yüksək olacaq.


 


Bu vəziyyətin Azərbaycanda ərzaq qiymətlərinə necə təsir edəcəyi narahatçılıqla gözlənilir. Bəs 2026-cı ildə xarici amillərin təsiri ilə ərzaq qiymətlərində artım tempinin güclənməsi mümkündürmü? Hansı məhsullarda daha çox bahalaşma ola bilər?




Sfera.az-a açıqlama verən “Refresh Group” MMC-nin Baş icraçı direktoru, qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov bildirib ki, dünyada mövcud olan su böhranı və əkin təsərrüfatı üçün su ehtiyatlarının azalması quraqlıqlara səbəb olur:


 


“Eyni zamanda bu quraqlıqlar sözsüz ki, ümumi dünya ərzaq dövriyyəsinə, xüsusən də kənd təsərrüfatı məhsullarının dövriyyəsinə öz təsirini göstərir və bu təsir heç də müsbət olmur. Yenə bu cür məhsulların satışı və dövriyyəsi ilə bağlı ərzaq böhranının yaranma ehtimalı çox böyükdür. Daha çox qiymət artımı müşahidə olunan ərzaq məhsulları kənd təsərrüfatının iri və xırda buynuzlu heyvanların satışı ilə bağlıdır. Çünki bu heyvanların qidalanması və ərsəyə gətirilməsi üçün su ehtiyatı və bitki örtüyü lazımdır. Bu da onların qiymət artımına kəskin şəkildə səbəb olur”.


 


S.Qafarov eyni zamanda epizootik vəziyyətlərlə bağlı dünya ölkələrində istər quş ətlərində, istər iri və xırda buynuzlu heyvanlarda baş verən xəstəliklərin də bu məhsullara dair tələbi doğrultmadığını və bunun nəticəsində çatışmazlıq yarandığını əlavə edib:


 


“Bu da yenə qiymət artımına səbəb ola bilir. Heyvanlardan ərsəyə gələn heyvandarlıq məhsulları, müxtəlif ət məhsulları, eyni zamanda yumurta və süd məhsullarında qiymət artımı bu proseslə əlaqədar olaraq hər zaman kəskin şəkildə müşahidə olunur. Həmçinin kənd təsərrüfatı məhsullarından meyvəçilik məhsulları da bitki mənşəli məhsullar kimi müəyyən ərzaq dövriyyəsi ilə əlaqədar olaraq və suvarma tələb etdiyindən onların da qiymətlərində artım müşahidə oluna bilər. Bir vacib məqamı da diqqətə çatdırmaq istəyirəm ki, bu, qida təhlükəsizliyi yanaşmasıdır. Qida təhlükəsizliyi nöqteyi-nəzərindən ərzaq məhsulları alınarkən onların üzərindəki məlumatlara, etiket qaydalarına diqqət yetirilməlidir. Bu məhsullar ərsəyə gəldikdən və satışa çıxdıqdan sonra bəzən saxlanma şəraitinin pozulması səbəbindən xarab olur və istifadəyə yararsız hala düşür. Kifayət qədər ərzaq israfı və qida tullantıları olarsa, bu da öz növbəsində ərzaq qıtlığına gətirib çıxara bilər”.




Fidan Hacızadə

Sfera.az