Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin əvvəlində İrəvanla münasibətlərin normallaşdırılması üçün bəzi simvolik addımlar atmaq niyyətini alqışlaması Ankara-İrəvan xəttində yeni müzakirələrə yol açıb.
Məlum bəyanatlar fonunda sözügedən simvolik addımların nədən ibarət ola biləcəyi və bunun Türkiyə-Ermənistan münasibətlərində real dəyişikliklərə gətirib çıxarıb-çıxarmayacağı sual doğurur.
Bu yanaşma iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərirmi?
Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması uzun müddətdir tərəflər arasında əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Onun sözlərinə görə, rəsmi Ankara Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz olaraq bu ölkə ilə sərhədləri açmamış, İrəvan qarşısında hər zaman Azərbaycanın haqlı tələblərini və bundan irəli gələn prinsipial mövqeyini müdafiə edib:
“Vaxtilə Sürix protokolları çərçivəsində Avropa Birliyi tərəfindən Türkiyəyə bu məsələ ilə bağlı müəyyən təzyiqlər göstərilsə də, rəsmi Ankara qətiyyət nümayiş etdirərək həmin protokolları icra etməmişdir. Hazırda isə tamamilə fərqli geosiyasi konfiqurasiya və reallıqlar formalaşıb. Azərbaycan Ermənistan üzərində tarixi Zəfər qazanıb və paralel olaraq sülh gündəliyi tərəflər arasında prioritet istiqamət kimi öz təsdiqini tapıb. Belə bir şəraitdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün də münbit zəmin yaranır”.
Siyasi şərhçi vurğulayıb ki, bundan əvvəl Ermənistan rəsmiləri bəzi prosedurlardan ərazi iddialarını əks etdirən məqamları çıxarmış, bu addım isə irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirilmişdir:
“Eyni rasional yanaşma əsasında Türkiyə rəsmiləri mövcud tendensiyaları müzakirə etmək üçün İrəvana səfər etmiş, yüksəksəviyyəli görüşlər keçirmişdir. Ənənəvi şovinist xəttin təmsilçilərindən fərqli olaraq, Baş nazir Nikol Paşinyan Türkiyə ilə əlaqələrin bərpa edilməsinin ölkəsi üçün zəruri olduğunu dərk edir. O anlayır ki, Ankara və Bakı ilə münasibətləri normallaşdırmadan regionda formalaşmaqda olan yeni geoiqtisadi perspektivlərdən faydalana bilməyəcək. Eyni zamanda, uzaqlaşmağa çalışdığı Rusiyadan asılılığı da bu yolla aradan qaldıra bilməz. Ehtimal olunur ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Türkiyə ilə sərhədlərin açılması istiqamətində ciddi addımlar atılsın. Lakin aydın olmalıdır ki, İrəvanın Ankaradan gözləntiləri birbaşa onun Azərbaycanla sülh prosesinə nə dərəcədə sadiq qalmasından asılı olacaq”.
Niyaz Hacıyev
Sfera.az