Gümüşün dünya bazarlarında qiyməti son dövrlər ardıcıl şəkildə yüksəlir. Hazırda bağlanan müqavilələrdə gümüşün bir troya unsiyası 75 ABŞ dollarına satılır ki, bu da bazarda artan tələbin və qiymət dinamikasının göstəricisi sayılır. Mövcud qiymətlər 6 ay əvvəllə müqayisədə 2 dəfədən çox, bir il əvvəllə müqayisədə isə təxminən 1,5 dəfə yüksəkdir. Son aylarda qeydə alınan bu artım gümüş bazarında ciddi canlanma yaradıb və qiymətlərin daha da diqqət mərkəzinə düşməsinə səbəb olub.
Gümüşün qiymətinin belə sürətlə bahalaşması zinət bazarında gümüşə olan tələbi artıra bilərmi?
Mövcud məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli gümüşün qiymətinin sürətlə artması zinət bazarında tələbin artıra biləcəyini, amma bir qədər mürəkkəb təsirinin olduğunu bildirib.
İqtisadçı əlavə edib ki, qiymət artanda adətən alıcılar daha az alır, amma gümüşün zinət əşyalarında həm də prestij və estetik dəyər var:
“Buna görə də bəzi insanlar bahalaşsa da almağa davam edə bilər.
Qiymətin sürətlə artması bəzi alıcıları gümüşü investisiya kimi almağa sövq edə bilər. Lüks seqmentdə isə qiymət artımı tələbi daha da artırır. Amma orta gəlirli alıcılar üçün qiymət çox yüksəkdirsə, tələbi azalda bilər. Yekun olaraq, qısamüddətli dövrdə gümüşün sürətli bahalaşması zinət bazarında tələbi artıra bilər, xüsusilə bahalı və investisiya məqsədli seqmentdə”.
Fidan Hacızadə
Sfera.az