ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika Silahlı Qüvvələri Nigeriya ərazisində “İslam Dövləti” terror qruplaşmasının üzvlərinə qarşı hərbi zərbələr endirib. Onun sözlərinə görə, şəxsi göstərişi əsasında ABŞ qüvvələri Nigeriyanın şimal-qərb bölgəsində fəaliyyət göstərən və əsasən dinc xristian əhalini hədəf alan İŞİD yaraqlılarına qarşı sərt əməliyyat aparıb.




ABŞ-nin Nigeriyanı İŞİD-i əsas gətirərək hədəfə çevirməsi ağıllarda Vaşinqtonun yeni müdaxilə planının olduğu şübhəsini yaradır. Xatırladaq ki, vaxtilə ABŞ İŞİD-lə mübarizə bəhanəsi ilə Suriyaya hərbi müdaxilə etmişdi. Üzərindən xeyli zamanın keçməsinə baxmayaraq ABŞ ordusu hələ də Suriyada qalır. 




ABŞ oxşar addımı Nigeriyaya qarşı da ata bilərmi? Nigeriya ABŞ üçün yeni hədəf əraziyə çevriləcəkmi?




Sfera.az-a bu barədə açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, bu zamanlarda ABŞ-nin davranışı onu göstərir ki, ABŞ İŞİD-ə qarşı əməliyyatları aktivləşdirib və Suriyadan sonra Nigeriyada da əməliyyat keçirməsi faktiki olaraq artıq bu təşkilata qarşı olan mövqeyini ifadə edir:




“Həqiqətən də İŞİD təhlükəsi son zamanlarda çox aktivləşib, xüsusən Yaxın Şərq və Afrika bölgələrində İŞİD öz fəallığını artırıb və yenidən dirçəlməyə doğru gedir. İŞİD Əl-Qaidədən fərqli olaraq hüceyrə şəklində təşkil olunmuş bir terror təşkilatı idi.

Yəni müxtəlif yerlərdə İŞİD-ə bağlı olan qruplar fəaliyyət göstərirdi və onlar sadəcə olaraq biyyət şəklində İŞİD mərkəzi rəhbərliyinə bağlı idilər. Bu hüceyrələr daha çox aktivləşmək mərhələsindədirlər və passiv mövqedə saxlanılan hüceyrələrin yenidən aktivləşdiyini ABŞ müşahidə edir və buna görə onlara qarşı əməliyyat keçirir. Nigeriyada da Boko Haram radikal islam təşkilatı fəaliyyət göstərirdi və bu təşkilatın İŞİD-lə çox güclü əlaqələri var idi”.


 





Z.Əmrəliyev əlavə edib ki, böyük ehtimalla ABŞ-nin həyata keçirdiyi əməliyyat məhz buna istiqamətlənmiş əməliyyatdır: 




"Bir müddət sonra ABŞ öz fəaliyyətini Yaxın Şərq və Afrikada daha da genişləndirəcək. Böyük ehtimalla biz Suriyada yeni əməliyyatların şahidi olacağıq, ancaq bunun quru əməliyyatına çevrilməsi ehtimalı azdır. Böyük ehtimalla rəsmi Vaşinqton hava hücumlarından istifadə etməklə kifayətlənəcək və birbaşa quru əməliyyatına çox güman ki, getməyəcək. Bu ehtimallara görə də ABŞ-nin həyata keçirdiyi əməliyyat tamamilə bu dövlətlərə təzyiq məqsədi daşımır. Əksinə, fərqli istiqamətlərdə əməliyyatların keçirilməsi onu göstərir ki, əməliyyatlar həqiqətən də İŞİD-ə qarşı həyata keçirilir və təşkilatın yenidən hücumlara keçə biləcəyi təhlükəsi mövcuddur ki, məhz bu səbəbdən əməliyyatlar aparılır”.




Fidan Hacızadə

Sfera.az