Çin Xalq Azadlıq Ordusu 2025-ci ildə Rusiya, ABŞ və Avropa Birliyi ilə strateji dialoqu gücləndirməyi planlaşdırır.
Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqan bildirib ki, bu addım ölkənin beynəlxalq təhlükəsizlik sahəsində əlaqələrini möhkəmləndirmək və regionda güc balansını diqqətlə izləmək məqsədi daşıyır.
Bəs, Çin Xalq Azadlıq Ordusunun bu planları beynəlxalq təhlükəsizlik və regionda güc balansına necə təsir edə bilər?
Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Çinin belə bir addımı strateji planlama kimi qiymətləndirmək olar:
“Çünki hazırkı qlobal geosiyasi mühitdə yalnız bir ölkənin maraqlarını nəzərə almaq kifayət deyil. Çin başda olmaqla ABŞ, Hindistan, Avropa İttifaqı və Rusiya yeni dünya nizamını formalaşdırmağa çalışır. Hazırda dünyada yeni qütbləşmə tendensiyası müşahidə olunur və bu prosesdə böyük dövlətlər arasında rəqabət getdikcə dərinləşir. Belə bir şəraitdə bu ölkələrin bir-birilə uzunmüddətli və etibarlı müqavilələr bağlaması olduqca çətindir”.
Politoloq qeyd edib ki, bu baxımdan Çin tərəfindən atılan addımı sadəcə taktiki manevr kimi qiymətləndirmək mümkündür:
“Çin ABŞ-lə iqtisadi, hərbi və texnoloji sahələrdə rəqabət aparır, eyni zamanda qlobal təsir dairəsini genişləndirməyə çalışır. Belə addımlar Çin üçün həm rəqabət aparmaq, həm də yumşaq güc vasitəsi kimi istifadə olunur. Bu strategiya Pekinin diplomatik və iqtisadi üstünlüklərini artırmaqla yanaşı, digər qlobal oyunçular qarşısında mövqeyini gücləndirməsinə xidmət edir”.
Niyaz Hacıyev
Sfera.az