İran hər həchlə Zəngəzur dəhlizinin reallaşmamasına çalışır. Ölkə rəsmilərinin səsləndirdiyi fikirlərdən bunu aydın şəkildə görmək olur.  İranın Ali dini lideri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin daha əvvəlki açıqlamaları da Tehranın Zəngəzur dəhlizinə birmənalı yanaşmadığını göstərir. SEPAH-a yaxın “Tasnim” Agentliyinin yaydığı məlumata görə, İran bu dəhlizin əvəzinə İcevan-Qazax yolunun açılmasını istəyir və bu marşrutu Qərblə Şərqi birləşdirən ən qısa quru yol kimi görür. 




Bəs həqiqətdə Qazax–İcevan yolu Zəngəzur dəhlizini əvəzləyə bilərmi, ona alternativ variant kimi baxıla bilərmi?




Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında qeyd edib ki, İran tərəfinin bu layihəyə qarşı çıxması əslində Tehranın öz maraqlarının dar çərçivəsindən doğur:


 


"Çünki Zəngəzur dəhlizi Azərbaycanın gücünü artırır, İranın isə "narahatlığı" rasional deyil. Tehran bu səbəbdən alternativ kimi Qazax-İcevan yolunu gündəmə gətirir, guya Qərblə Şərqi birləşdirən ən qısa marşrut budur. Halbuki bu yolun açılması hələlik nəzəri mülahizədən o tərəfə keçməyib. Ermənistanın daxili siyasi böhranı, sərhəd problemləri və regiondakı güc balansı bu layihənin yaxın perspektivdə reallaşmasını çətinləşdirir”.  




Politoloqun fikrincə, Zəngəzur dəhlizi artıq beynəlxalq gündəmdədir:




“Türkiyə, Avropa və Orta Asiya dövlətləri bu dəhlizin açılmasını dəstəkləyir. Azərbaycanın diplomatik iradəsi, hərbi-siyasi gücü və iqtisadi potensialı bu layihəni reallığa çevirəcək əsas amillərdir. İranın narahatlığı isə əslində Azərbaycanın artan nüfuzunun etirafıdır. Çünki Bakı regionda oyun qaydalarını dəyişir, yeni nəqliyyat xəritəsi qurur. Rusiyanın da təzyiqləri bu reallığı dəyişməyəcək: Moskva nə qədər tərəddüd etsə də, Azərbaycanın iradəsi və beynəlxalq dəstək Zəngəzur dəhlizini qaçılmaz edir.  Qazax-İcevan yolunun gələcəkdə açılması mümkündür, lakin bu, Zəngəzur dəhlizinin alternativi deyil. Əksinə, əlavə marşrut kimi regionun kommunikasiya şəbəkəsini zənginləşdirə bilər. Azərbaycanın gücü ondadır ki, o, həm Zəngəzur dəhlizini reallaşdıracaq, həm də digər yolların açılmasına mane olmayacaq. Amma əsas prioritet Zəngəzur dəhlizidir, bu, Azərbaycanın strateji üstünlüyünün, Türk dünyasının birliyinin və regionda yeni güc balansının simvoludur. İranın narahatlığı isə yalnız özünün zəifləyən mövqeyini göstərir. Azərbaycanın iradəsi isə dəyişməzdir: Zəngəzur dəhlizi açılacaq və Cənubi Qafqazda yeni dövr başlayacaq”.




Bəsti Rəfizadə

Sfera.az