2026-cı ilin ikinci yarısında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı gözlənilir. Proqnozlara əsasən, bu dövrə qədər iki ölkə arasında hətta müəyyən əməkdaşlıq mexanizmlərinin qurulması mümkündür.
Artıq Azərbaycan neft məhsullarının ixracına başlayıb, üçüncü ölkədən Ermənistana yük daşınması da Azərbaycan üzərindən həyata keçirilib. Bu, gələcək əməkdaşlığın ilkin nümunəsi kimi qiymətləndirilir.
İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, uzun illər davam edən münaqişə hər iki ölkəyə ciddi iqtisadi zərər vurub. Azərbaycanın işğal altında qalan ərazilərində infrastruktur dağıdılıb, kənd təsərrüfatı iflic olub, əhali köçkün vəziyyətinə düşüb. Ermənistan isə blokada şəraitində qalıb, əsas ticarət əlaqələrini Gürcüstan üzərindən qurmaq məcburiyyətində olub. Bu marşrut isə həm məsafə, həm də iqlim baxımından etibarlı olmayıb.
Ekspertin sözlərinə görə, Ermənistan ərazisi Azərbaycan üçün ən qısa tranzit yol hesab olunur. Bu marşrut cəmi 36 km-lik tampon zonanı əhatə edir və Gürcüstan istiqamətindən daha səmərəlidir. Artıq bəzi sahələrdə məhdud ticarət əməliyyatları başlayıb, infrastrukturun bərpası gündəmdədir.
Son dövrlərdə azərbaycanlı və erməni ekspertlərin qarşılıqlı səfərləri də diqqət çəkir. Bu dialoqlar qarşılıqlı inamın formalaşmasına xidmət edir. İbrahimov hesab edir ki, qısa müddətdə tammiqyaslı əməkdaşlıq çətin olsa da, orta və uzunmüddətli perspektivdə mümkündür.
O vurğulayıb ki, beynəlxalq təcrübə göstərir: iqtisadi əlaqələr qurulduqca düşmənçilik ikinci plana keçir. Fransa və İngiltərə nümunəsi də sübut edir ki, əməkdaşlıq uzunmüddətli sülhün əsas şərtidir.
Bəsti Rəfizadə
Sfera.az