Elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında bildirib ki, nazirlik Azərbaycan məktəblərində Çin dilinin tədrisini tətbiq etmək istəyir.
Nazir bu zərurətin nədən irəli gəldiyini açıqlamasa da Çin dilinin dünyada ən çox istifadə olunan dillərdən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırki dövrdə Çin dilinin tədrisinə ehtiyacın nədən qaynaqlanması maraq doğurur.
Sfera.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, Çin dilinin bir çox sahədə gələcək perspektivlər üçün çox vacib faktor olması artıq bütün dünyaya məlumdur:
“Çinin bir super güc kimi getdikcə güclənir. Bu dəyişiklik çin dilinə olan ehtiyacı da artırır. Hazırda dünyanın bir çox ölkəsində Çin dilinə olan maraq və diqqət artır. Ölkələrdə çin dili mərkəzləri yaradılır, dərslər, təlimlər keçirilir.
Araşdırmalar göstərir ki, Avropada, Asiyada Çin dilinin tədrisi məktəblərdə vacib predmet kimi aparılır. Buna səbəb Çinin əsas güc silahı olan sənaye, İT, iqtisadiyyat, elm, texnologiyanın inkişafı və dil faktorunun da bu yeniliklərə daha asan şəkildə çatımlılığını təşkil etməsidir. Maraqlı bir faktı da deyim: Azərbaycanda tanıdığım avtomobil ustaları da var ki, onlar səthi, elementar səviyyədə belə olsa, Çin dilini öyrənməyə çalışırlar. Çünki fərqindədirlər, artıq bu gün istehsalı və satışı ildırım sürətilə artan Çin maşınları gələcəkdə bazarın əsas oyunçusuna çevriləcək. Bu səbəbdən də dili bir zərurət kimi dəyərləndirir və kommersiya maraqları fonunda yardımçı vasitə kimi görürlər”.
Ekspert əlavə edib ki, bu elementar nümunə tədris prosesi üçün də vacibdir:
“Gələcəyin təhsili mühəndislik, süni intellekt və texnologiya bacarıqları ilə sürətlə ayaqlaşmaq məcburiyyətində olduğu üçün Çin dilindən yararlanmağa ehtiyacı olacaqdır. Odur ki, Çin dilinin məktəblərdə tədrisi zənnimcə, gələcək naminə çox önəmli addım olacaqdır. Çünki gələcək texnoloji, iqtisadi inkişaf həm də Çin dilində "danışacaq". Biz isə həm də bu səbəbdən həmin "dil"lə az da olsa, ünsiyyət qurmağı bacarmalıyıq".
Fidan Hacızadə
Sfera.az