ABŞ-ın Luiziana ştatında yerləşən “Fibrebond” adlı şirkətin satışı iş dünyasında nadir rast gəlinən sədaqət nümunəsinə çevrilib. Elektrik avadanlıqları üçün qoruyucu konstruksiyalar istehsal edən bu şirkətin sahibi, müəssisəni enerji nəhəngi “Eaton”a 1,7 milyard dollara satdıqdan sonra gəlirin böyük bir hissəsini – tam 240 milyon dolları – işçiləri ilə bölüşüb.
Sfera.az xəbər verir ki, şirkətin rəhbəri Uolker satış müqaviləsinə xüsusi bir bənd əlavə edərək, illərlə onunla çiyin-çiyinə çalışan 540 tam ştatlı əməkdaşına bu bonusu təqdim edib. Hər bir işçiyə orta hesabla 443.000 dollar düşüb, yüksək vəzifəli şəxslər isə daha böyük məbləğlər alıblar. Bununla belə, bonusun tam məbləğini əldə etmək üçün işçilərin növbəti beş il ərzində şirkətdə qalması şərt qoyulub.
Bu səxavətli qərar bir çox işçinin həyatını dərhal dəyişib. Bəziləri ipoteka və avtomobil kreditlərini ödəyib, digərləri isə övladlarının təhsil xərclərini qarşılayıblar. Hətta bəzi əməkdaşlar bu fürsətdən istifadə edərək öz bizneslərini qurublar və ya ailələri ilə birlikdə tətilə yollanıblar – məsələn, bir işçi bütün ailəsini Meksikanın məşhur Kankun kurortuna aparıb.
Mindendə qurulan və uzun illər Uolker ailəsi tərəfindən idarə olunan “Fibrebond” şirkətinin bu satışı təkcə maliyyə uğuru deyil, həm də işçilərə verilən dəyərin və sədaqətin simvolu kimi yadda qalıb.
Aynil