Tayland və Kamboca arasında sərhəd münaqişəsi zonasına dair atəşkəs sazişi imzalanıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Taylandın “Channel 3” televiziya kanalı məlumat yayıb. Saziş Taylandın Çantaburi əyalətində iki ölkənin Baş Sərhəd Komitəsinin iclasından sonra Taylandın müdafiə naziri Natthaphon Nakphanit və Kambocanın müdafiə naziri Thea Seikhi tərəfindən imzalanıb. Razılaşmaya əsasən, atəşkəs rejimi saat 12:00-da (Bakı vaxtı ilə 09:00) imzalanacaq birgə bəyanatla qüvvəyə minəcək. Taylandın müdafiə naziri bildirib ki, tərəflər münaqişənin həlli üçün əsas tədbirlər barədə razılığa gəliblər.


 


Belə ki, hər iki ölkə yenidən yerləşdirmə və manevrlər aparmadan münaqişə zonasındakı qoşunlarının mövcud sayını qoruyub saxlayacaq. Atəşkəsin real və davamlı şəkildə icrasına 72 saat ərzində nəzarət ediləcək. Vəziyyət normallaşdıqdan sonra mülki şəxslərin evlərinə qayıtmasına şərait yaradılacaq, bundan sonra isə əsir götürülmüş 18 Kamboca hərbçisi azad ediləcək.


 


Qeyd edək ki, Kamboca–Tayland sərhədində lokal silahlı toqquşmalar dekabrın 7-də başlayıb. Dekabrın 8-də Tayland quru qoşunları Kamboca hərbçilərinin sərhəd bölgəsində Tayland mövqelərini atəşə tutduğunu açıqlayıb. Buna cavab olaraq Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Həmçinin hər iki ölkədə fəaliyyət göstərən Rusiya səfirlikləri rusiyalı turistlərə sərhəd bölgələrinə səfər etməkdən çəkinməyi tövsiyə edib.


 


Niyaz Hacıyev


Sfera.az