Venesuela hökuməti ABŞ-nin ölkəyə müstəmləkə idarəetmə modeli tətbiq etmək və təbii sərvətləri ələ keçirmək cəhdlərinin iflasa uğrayacağını bəyan edib.
Sfera.az xəbər verir ki, bu barədə Venesuela Respublikasının Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalına verdiyi açıqlamada bildirib. Dövlət başçısı vurğulayıb ki, ABŞ hakimiyyətinin “virtual reallıq uyduraraq” Venesuelaya müstəmləkəçilik və istismar modeli tətbiq etməsi, eləcə də ölkənin təbii sərvətlərini oğurlaması mümkün deyil.
Maduro ingilis dilində də çıxış edərək Venesuela xalqının “ölkəni doğru yola aparmaq” bacarığını nümayiş etdirdiyini qeyd edib. Prezidentin sözlərinə görə, Venesuela sülh və qarşılıqlı anlaşmaya can atır. O, Vaşinqtonu son 25 il ərzində Venesuelada həyata keçirməyə çalışdığı, lakin uğursuzluqla nəticələnən layihələrdən imtina etməyə çağırıb. Maduro bildirib ki, ABŞ hörmətə əsaslanan dialoqa hazır olarsa, Venesuela tərəfi də sülhə, əməkdaşlığa və rifaha aparan yolları axtarmağa açıqdır.
Qeyd edək ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı yetərincə mübarizə aparmamaqda ittiham edir. Bu çərçivədə ABŞ Hərbi Dəniz Qüvvələri USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu da daxil olmaqla, 16 mindən çox hərbçini Karib dənizinə göndərib. Sentyabr ayından bəri beynəlxalq sularda ən azı 28 sürət qayığının məhv edildiyi, nəticədə 100-dən çox insanın həlak olduğu bildirilir. Bundan əlavə, dekabrın 10-da ABŞ Prezidenti Donald Tramp Venesuela neftini daşıyan sanksiyalı tankerinin ələ keçirildiyini açıqlayıb. Dekabrın 20-də Vaşinqton Panama bayrağı altında üzən Centuries tankerinin saxlanıldığını təsdiqləyib. Dekabrın 21-də isə Bloomberg Venesuelaya istiqamət alan Panama bayraqlı Bella 1 tankerinin ələ keçirildiyini bildirib.
Niyaz Hacıyev
Sfera.az