Tədqiqatlara görə, kişilərin reproduktiv sağlamlığında ciddi azalma müşahidə olunur və sperm sayının düşməsi “kişilərin nəsli tükənir” kimi narahatlığa səbəb ola bilər.


 


Sfera.az xəbər verir ki, araşdırmalar bu prosesə təsir edən bir neçə əsas faktoru ön plana çıxarır. Bildirilir ki, gündəlik həyatda geniş istifadə edilən plastik məmulatlar risk yaradan əsas amillərdən biridir. Plastik məmulatlara su və içki butulkaları, qida qabları, paketlər, birdəfəlik qab-qacaq və digər məişət əşyaları daxildir. Bu məhsulların tərkibində olan ftalatlar və bisfenol A (BPA) kimi kimyəvi maddələr hormon sisteminə mənfi təsir göstərərək sperm sayının hər il təxminən 1 faiz azalmasına səbəb ola bilər.


 


Bu, uzunmüddətli və sürətlənmiş azalma meyli yaradır. Ətraf mühit faktorları da kişilərin reproduktiv sağlamlığına təsirsiz ötüşmür. Bununla yanaşı, meşə yanğınları və yanğın tüstüsü zamanı havaya yayılan tüstü sperm keyfiyyətini və onun hərəkət qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədir. Həmçinin, qidalanma vərdişləri də mühüm rol oynayır. Ultra-emal olunmuş qidaların tez-tez istehlakı kişi cinsi hormonlarının zəifləməsinə, nəticədə sperm keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bununla yanaşı, yaş faktorunu da xüsusi vurğulanır. Qadınlarla yanaşı, kişilərdə də yaş artdıqca sperm keyfiyyəti azalır, genetik mutasiyaların və DNA zədələnmələrinin riski yüksəlir. Bundan əlavə, COVID-19 pandemiyası ilə bağlı aparılan son klinik tədqiqatlar virusun sperm sayını və hərəkət qabiliyyətini azalda bildiyini göstərir. Alimlər bu təsirin bəzi hallarda müvəqqəti, bəzi hallarda isə uzunmüddətli ola biləcəyini bildirirlər. Sadalanan amillər kişilərin doğuş potensialını zəiflədərək gələcəkdə ciddi demoqrafik problemlərə yol aça bilər. Bununla belə, hazırda “kişilərin nəsli tükənir” kimi qəti və dramatik nəticə elmi cəhətdən təsdiqlənməyib. Rəsmi olaraq yalnız kişilərin reproduktiv sağlamlığında davamlı azalma meylinin mövcud olduğu müşahidə olunur.


 


Fidan Hacızadə


Sfera.az