Yeni il dünyanın əksər ölkələrində şənlik, atəşfəşanlıq və ailə süfrələri ilə qeyd olunsa da, bəzi xalqlar bu günü olduqca qeyri-adi adətlərlə qarşılayır.
Sfera.az xəbər verir ki, müxtəlif ölkələrdə Yeni il gecəsi uğur, bolluq və pis enerjidən xilas olmaq məqsədi daşıyan maraqlı ənənələr mövcuddur. İspaniyada Yeni il gecəsi saat 12-ni vurarkən 12 üzüm yemək ənənəsi var. İnanclara görə, hər üzüm ilin bir ayını təmsil edir və üzüm yeyən şəxsi yeni ildə uğur gözləyir. Bu adət düzgün icra edilmədikdə ilin uğursuz keçəcəyinə inanılır. Danimarkada insanlar Yeni il gecəsi köhnə boşqabları dostlarının və qonşularının qapısı önündə sındırırlar. Maraqlı görünsə də, bu davranış dostluğun və xoş niyyətin rəmzi sayılır.
Qapısı önündə daha çox sınıq qab olan şəxsin yeni ildə daha çox dost qazanacağına inanılır. Cənubi Amerikada, xüsusilə Kolumbiyada Yeni il gecəsi boş çamadanla küçədə gəzmək adəti yayılıb. Bu ritualın yeni ildə çox səyahət etmək arzusu ilə əlaqəli olduğu bildirilir. Yerli əhali inanır ki, bu adət yerinə yetirildikdə il boyu səfərlər bol olacaq. Şotlandiyada Yeni ilin qarşılanması “Hogmanay” adlı xüsusi mərasimlə qeyd olunur. Bu gecə evlərdə ilk qonağın kim olması böyük əhəmiyyət daşıyır. İnanclara görə, evə ilk girən şəxs uzunboylu və tünd saçlı olarsa, ailəyə uğur gətirir.
Filippində Yeni il gecəsi dairəvi formalara xüsusi diqqət yetirilir. İnsanlar dairəvi naxışlı paltarlar geyinir, süfrəyə isə yuvarlaq meyvələr düzülür. Dairə formasının pul və bolluq simvolu olduğuna inanılır. Yaponiyada isə Yeni il gecəsi məbədlərdə zənglər 108 dəfə çalınır. Bu ritual insanın pis hisslərdən və mənfi duyğulardan təmizlənməsini simvolizə edir. Yeni ilə sakit və mənəvi rahatlıqla başlamaq əsas məqsəd sayılır. Qeyd edək ki, bu qəribə görünən adətlərin əksəriyyəti insanların yeni ilə ümid, xoşbəxtlik və müsbət enerji ilə başlamaq istəyi ilə bağlıdır. Fərqli mədəniyyətlərdə müxtəlif formalarda yaşadılan bu ənənələr Yeni ilin yalnız təqvim dəyişikliyi deyil, həm də psixoloji yenilənmə mərhələsi kimi qəbul edildiyini göstərir.
Niyaz Hacıyev
Sfera.az