Son vaxtlar Azərbaycan və Ermənistan arasında mümkün ticarət əlaqələrinin qurulması ilə bağlı müzakirələr intensivləşib. Artıq hər iki ölkənin rəsmi dairələrindən bu istiqamətdə açıqlamalar səsləndirilir. Lakin ortaya çıxan sual bundan ibarətdir: bu yanaşma sadəcə ideya səviyyəsindədir, yoxsa real və konkret planlara əsaslanır?




Suallarımızı cavablandıran politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyəti nəzərə aldıqda demək olar ki, hazırkı mərhələdə söhbət konkret icra mexanizmləri olan planlardan deyil, daha çox strateji niyyətin ifadəsindən gedir.


 


Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında hələ ki, diplomatik münasibətlər qurulmayıb, sülh sazişi imzalanmayıb, ticarət üçün zəruri olan hüquqi, maliyyə və logistika infrastrukturu isə mövcud deyil:


 


“Bu baxımdan, səsləndirilən fikirlər “yaxın gələcəkdə başlanacaq proses” yox, “müəyyən şərtlər formalaşarsa mümkün ola biləcək perspektiv” kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, iki ölkə arasında ticarət əlaqələrinin qurulması yalnız iqtisadi məsələ deyil. Bu proses siyasi etimad, təhlükəsizlik zəmanətləri, hüquqi tanınma və cəmiyyətlərin psixoloji hazırlığını tələb edir. Hazırda isə tərəflər arasında dərin etimadsızlıq qalmaqdadır, sərhədlər tam delimitasiya olunmayıb və regionda kommunikasiya xətləri bağlıdır. Bu şərtlər altında tammiqyaslı ticarət real görünmür”.


 



Politoloq qeyd edib ku, bununla belə, nəzəri baxımdan proses mərhələli şəkildə inkişaf edə bilər:


 


“İlk mərhələdə təbii ki, yalnız üçüncü ölkələr üzərindən dolayı ticarət və ya humanitar xarakterli məhdud iqtisadi əlaqələr mümkün ola bilər. Daha sonra sülh sazişi və ya çərçivə razılaşması fonunda seçilmiş sahələr üzrə məhdud birbaşa ticarət mexanizmləri formalaşa bilər. Tam normallaşmış ticarət münasibətləri isə yalnız diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması və bank-maliyyə sistemlərinin inteqrasiyasından sonra mümkün olar ki, bunun üçün də uzun müddət tələb olunur. Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Rəsmi Bakı iqtisadi əməkdaşlığı əsas məqsəd kimi deyil, sülhün və normallaşmanın nəticəsi kimi təqdim edir. Yəni ticarət əlaqələri Azərbaycan üçün siyasi şərtlərin yerinə yetirilməsindən sonra gündəmə gələ biləcək məsələdir. Odur ki, Azərbaycan–Ermənistan ticarət əlaqələri hazırda real praktik proses yox, uzunmüddətli siyasi-iqtisadi perspektiv kimi qiymətləndirilməlidir. Bu perspektivin gerçəkləşməsi isə birbaşa sülh gündəliyinin taleyindən asılıdır”.


 


Niyaz Hacıyev

Sfera.az