İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi hazırda ABŞ, İsrail və Avropa ölkələri ilə faktiki müharibə şəraitindədir. Onun sözlərinə görə, Qərb dövlətləri İranı zəiflətməyə və təzyiq altında saxlamağa çalışırlar.


 


“Düşünürəm ki, biz ABŞ, İsrail və Avropa ilə tam miqyaslı qarşıdurma içindəyik. Onların məqsədi ölkəmizi təslim vəziyyətinə salmaqdır”,- Pezeşkian vurğulayıb.


 


İran bu vəziyyətdən çıxmaq üçün niyə münasibətləri normallaşdırmağa çalışmır,  güzəştə getmək istəmir? Bu, adi prinsipiallıqdır, yoxsa bəyanatın kökündə hansısa məqsəd dayanır?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İranda mövcud rejim iş başına gəldiyi vaxtdan bu günə qədər ekspansionist siyasət yürütməkdədir və Qərblə düşmən münasibətləri onun siyasi prioritetlərinin əsas istiqamətlərindən biri olub:


 



 


“Xüsusilə İsrail və ABŞ-yə qarşı sərt mövqe nümayiş etdirilib. İranın İsrailə qarşı tutduğu sərt siyasət, təbii ki, həm İsraildə, həm də Qərbdə ciddi narahatlıq doğurur. Vaxtilə kifayət qədər yaxın münasibətlərdə olan İsrail və İran hazırda bir-birilə düşmən mövqeyindədir və bu ilin iyununda tərəflər arasında 12 günlük hərbi qarşıdurma yaşanması da bunun göstəricisidir. Hazırda Qərb və İsrailin İrandan əsas tələbi nüvə və ballistik raket proqramının tam dayandırılmasıdır. İran isə bununla razılaşmır və Vaşinqtonla danışıqlarda öz tələblərinin də qəbul edilməsini istəyir. Bu tələblərə dondurulmuş aktivlərin açılması, sanksiyaların aradan qaldırılması və digər iqtisadi məsələlər daxildir. Burada yalnız İranı ittiham etmək doğru olmaz, çünki bir çox hallarda Qərb, o cümlədən ABŞ-də atdığı addımlarda qarşılıqlı razılaşmaya uyğun davranmır. Buna görə də tərəflərin danışıqlar masasına oturması üçün hər iki tərəf müəyyən dərəcədə güzəştə getməlidir. Hazırda isə bunun reallaşacağına dair aydın perspektiv görünmür”.


 


Politoloq bununla belə, ümumi gərginliyin əsas mənbəyi kimi İranın mövcud rejimi və onun sərt siyasi xətt tərəfdarlarının önə çıxdığını əlavə edib:


 


“Bu xətt daxildə ictimai rəyi manipulyasiya edir və İranı daha problemli bir mərhələyə sürükləyir. İndiyə qədər Tehrandan əsas tələb nüvə proqramının dayandırılması idi. Qərb və xüsusilə ABŞ-İsrail bloku hesab edir ki, İranın dinc nüvə proqramından hərbi nüvə silahına keçidi çox qısa zaman ala bilər. Buna görə də İranın nüvə potensialı İsrailin təhlükəsizliyi üçün ciddi risk sayılır. Bu il isə mövcud tələblərə əlavə olaraq ballistik raket proqramının məhdudlaşdırılması da gündəmə gəlib. Çünki 12 günlük müharibə zamanı İran göstərdi ki, öz ərazisindən İsraili vura biləcək raket imkanına malikdir. Beləliklə, hazırkı mərhələ kifayət qədər kritikdir. Əsas məsuliyyət böyük ölçüdə İran tərəfinin üzərinə düşsə də, qarşı tərəfin də sərt mövqeyi danışıqları çətinləşdirir. Problemin həlli yalnız qarşılıqlı kompromis əsasında mümkündür. Lakin qeyd etmək lazımdır ki, mövcud böhranın kökündə İranın daxili rejiminin siyasi kursu dayanır”.


 


Fidan Hacızadə


Sfera.az