Son dövrlər beynəlxalq müstəvidə baş verən proseslər regionumuzun gələcək siyasi mənzərəsi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Qlobal güclər arasında artan geosiyasi rəqabət, davam edən regional münaqişələr və böyük dövlətlərin strateji maraqları region ölkələrinin qarşıdakı il hansı siyasi dəyişikliklərlə üzləşə biləcəyi sualını gündəmə gətirir.


 


Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, dünya Rusiya-Ukrayna müharibəsi üzərinə fokuslanacaq:


 


“Çünki hazırda ABŞ-nin vasitəçiliyi ilə sülh yaratmaq missiyası üzrə işlər gedir. İlin əvvəlində müəyyənləşdirə biləcəyik ki, Rusiya-Ukrayna müharibəsi ya güclü faza ilə davam edəcək, ya da səngiməyə doğru gedəcək. Atəşkəs müqaviləsinin imzalanması gözləniləndir. Əgər Rusiya Ukraynada istədiyinə nail olarsa, o zaman ətrafında olan digər dövlətlər üçün problemlər yarada bilər. Xüsusilə Şərqi Avropa, Mərkəzi Asiya ölkələri və Cənubi Qafqazda olan dövlətlərlə bağlı məsələlər var ki, Rusiyadan tez-tez bu ölkələrlə bağlı tənqidlərin şahidi oluruq. Buna görə də, düşünürəm ki, Rusiya çalışacaq ki, mərhələli şəkildə istədiyinə nail olsun”. 


 





Politoloqun sözlərinə görə, Yaxın Şərqdə, Suriyada proseslər gedəcək:




“Gələn il Hüsilər və İsrailin böyük toqquşması gözlənilir. Artıq məlum olduğu kimi, İsrail Somalilendi müstəqil dövlət kimi tanıyıb. Somalinin seperatçı bölgəsi olan Somalilend ərazisində hərbi qüvvə yerləşdirmək istəyir. Bu Hüsilərlə böyük toqquşmaya səbəb ola bilər. Böyük ehtimalla toqquşma olacaq. İlin ortalarına doğru yenidən İsrail-İran cəbhəsində vəziyyətin gərginləşəcəyi gözləntiləri var. Xüsusilə hər iki tərəf buna ciddi şəkildə hazırlaşır”. 




Müsahibimiz qeyd edib ki, Tayvan-Çin toqquşması və Şərqi Avropada hakimiyyət dəyişikliyi baş verə bilər:




“Paralel şəkildə Çin son zamanlarda Tayvan ətrafındakı həlqəni sıxmağa başlayıb. Ola bilər ki, Tayvanla bağlı müəyyən proseslər getsin. Eyni zamanda Şərqi Avropa ölkələrində kütləvi şəkildə davam edən iqtisadi çətinliklər müəyyən dərəcədə həmin ölkələrdə hakimiyyət dəyişikliyi ilə yekunlaşa bilər”.


 


Niyaz Hacıyev

Sfera.az