ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüş beynəlxalq siyasətdə yeni suallar doğurub. Danışıqlarda Rusiyanın Ukraynanın yenidən qurulmasında mümkün iştirakı, Zaporojye AES-in gələcək statusu və Vladimir Putinlə mümkün üçtərəfli görüş ehtimalı kimi həssas mövzular müzakirə olunub.


 


Bu açıqlamalar ABŞ-Rusiya-Ukrayna münasibətlərində yeni mərhələnin başlaya biləcəyinə dair siyasi müzakirələri gücləndirib. Donald Tramp görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Rusiya Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır:


 


"Rusiya Ukraynanın çiçəklənməsini istəyir. O, Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır",- deyə Tramp bildirib.


 


Rusiyanın Ukraynanın “çiçəklənməsini istəməsi” barədə Trampın fikirləri nə dərəcədə realdır? Bu həqiqətən belədir, yoxsa ironiyadır?


 


Bu haqda Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli qeyd edib ki, təbii ki, Tramp bir çox məsələləri şişirdilmiş və yaxud da reallığa uyğun olmayan formada təqdim edir.


 



 


“Tramp üçün əsas hədəf nəyin bahasına olursa-olsun Ukrayna müharibəsinin dayandırılmasıdır. Çünki bu müharibənin dayandırılmasından ABŞ böyük mənfəət əldə edə bilər. Bu, ilk növbədə Rusiyanın vəd etdiyi, Rusiyanın dondurulmuş aktivlərinin 100 milyardlıq hissəsi də daxil olmaqla, Tramp ailəsinə yaxın olan ABŞ şirkətlərinin Rusiyada geniş biznes imkanları və layihələr qazanması ilə bağlıdır. Eyni zamanda Tramp müharibənin dayandırılması ilə Ukraynanın təbii sərvətlərinin istismarı üçün mümkün şərait yaratmaq istəyir. Bu isə yüz milyardlarla, hətta trilyonlarla gəlir deməkdir. Digər tərəfdən, ABŞ Ukrayna müharibəsinin dayandırılması ilə Aİ-ni də müəyyən təsir altına almaq istəyir. Aİ hazırda bu prosesdən kənarda saxlanılır və bu da Aİ-ni ciddi şəkildə narahat edir”.


 


Politoloqun fikirlərinə əsasən, Rusiyanın Ukraynanın bərpası prosesində iştirakı ilə bağlı məsələ isə ümumiyyətlə reallıqdan uzaqdır:


 


“Çünki bu, tamamilə məntiqsiz və absurd yanaşmadır. Ukraynanı hazırda dağıdan tərəf məhz Rusiyadır və sonradan Rusiyanın bu ölkənin bərpa olunmasında və yaxud dırnaq arası “çiçəklənməsində” iştirakı ilə bağlı niyyətinə yalnız sadəlövlər inana bilər. Təbii ki, Rusiya bu prosesdə həqiqətən də iştirak etmək istəyir, lakin bu niyyət Ukraynanın bərpasına və ya çiçəklənməsinə yönəlik deyil. Kreml hesab edir ki, Ukraynanın bərpa prosesində iştirak etməklə bu ölkədə siyasi elitanın dəyişdirilməsində birbaşa rol oynaya bilər. Kremlin əsas hədəfi Ukraynada həm parlamentdə, həm də icra hakimiyyətində, yəni prezident postunda, Nazirlər Kabinetində Rusiyanı dəstəkləyən siyasətçilərin yerləşdirilməsinə nail olmaqdır. Yəni Rusiya Ukraynanın bərpa prosesində iştirak etməklə Ukraynada Rusiyaya daha yaxın siyasi hakimiyyətin formalaşdırılmasına nail olmaq məqsədi güdür. Bu baxımdan da Rusiyanın Ukraynaya faydalı bir dəstək və yaxud hər hansı müsbət fəaliyyət göstərəcəyinə yalnız sadəlövlər inanır”.


 


Bəsti Rəfizadə


Sfera.az