Bayram günlərində insanların əksəriyyəti adi qidalanma rejimini pozur, normadan artıq yemək, şirniyyat və həzmi ağır qidalar istehlak edir. Bu isə bayramdan sonra halsızlıq, kökəlmə qorxusu və hətta psixoloji gərginlik olan “bayramsonrası depressiya” hissini yarada bilir.
Bayramda bir neçə gün normadan artıq qidalanmaq orqanizm üçün ciddi problem yarada bilərmi və bayramdan sonra rasionu necə düzgün tənzimləmək olar?
Məsələ ilə bağlı diyetoloq Ləman Süleymanova Sfera.az-a açıqlama verib. O, bayram süfrələrinin əsasən səhər saatlarından etibarən açıldığını və insanların demək olar ki, fasiləsiz şəkildə yeməyə davam etdiyini bildirib:
“Yeni il günü və ümumiyyətlə bayram günlərində, hətta bayrama bir gün qalmış insanlar artıq "bayram yeməyi"nə başlayırlar. Xüsusilə o günlərdə insanlar bilir ki, sabah bayramdır və daha çox yeyəcək. Artıq bir neçə gün öncədən metabolizmi aktivləşdirmək mütləq lazımdır. Metabolizm nədir? Zülal, karbohidrat, vitamin və mineralların mübadiləsidir, yəni orqanizmdə gedən dövri prosesdir. İnsan lazım olan miqdarda zülal, karbohidrat, vitamin və mineral qəbul etdikdə bu, onun sağlamlığı üçün səmərəli olur, həyat keyfiyyəti yüksəlir, insan daha uzunömürlü olur, günlərini daha enerjili keçirir, zehni qabiliyyəti yaxşılaşır, bədəni sağlam qalır və özünü xəstəliklərdən qoruyur”.
Mütəxəssisin sözlərinə əsasən, ümumiyyətlə, bayram günlərinə bir neçə gün qalmış immuniteti və metabolizmi, yəni maddələr mübadiləsini aktivləşdirmək lazımdır:
“Maddələr mübadiləsi zülalların, yağların və digər lazım olan maddələrin qidalardan mənimsənilməsidir ki, orqanizm zülalı və yağı həzm edə bilsin. Bunun üçün metabolizmin aktiv olması vacibdir: dəri parlaq olmalıdır, yorğunluq hissi olmamalıdır. Buna görə də bayramdan bir neçə gün öncə hazırlıq aparılmalıdır. Bayram günü səhər yuxudan durduqda mütləq aktiv hərəkətdə olmaq, bol maye qəbul etmək, bitki liflərindən və asan həzm olunan karbohidratlardan istifadə etmək lazımdır. Karbohidrat, yəni lifli karbohidratlar, tərəvəzlər qəbul edilməlidir. Orqanizm bu şəkildə təmizlənir. Səhər menyusunda tərəvəzlərdən istifadə etmək tövsiyə olunur. Günorta yeməyində isə hələlik müəyyən qidaları müvəqqəti olaraq rasiondan çıxarmaq lazımdır ki, metabolizm aktivləşsin. Qidaları axşam isə tələsmədən, rahat şəkildə yemək lazımdır. Tələsik yeyilən qidalar düzgün həzm olunmur və orqanizm tərəfindən piylənməyə gətirib çıxarır. Süfrədə qazlı içkilərdən istifadə etməməyə çalışın. Onsuz da mətbəximiz zəngindir, yeməklərimizin çoxu yağlı və ağırdır. Qazlı içkilər qəbul edildikdə qidalar düzgün həzm olunmur. Yağlı yeməklərlə birlikdə içilən rəngli içkilər isə təhlükəli kanserogen maddələrin əmələ gəlməsinə səbəb olur”.
Bəsti Rəfizadə
Sfera.az