Yeni il ərəfəsində əhalinin xərclərində kəskin artım qeydə alınır. Rəsmi dövlət statistikasına əsasən, dekabr ayında əhalinin həm ərzaq, həm qeyri-ərzaq, həm də pullu xidmətlərlə bağlı xərcləri ən yüksək həddə çatır.
Sfera.az xəbər verir ki, məlumata əsasən, bunun əsas səbəblərindən biri də Yeni il ərəfəsində əhalinin istehlak xərclərinin artmasıdır. 2024-cü ilin məlumatları xərclərdəki aybaay baş verən dəyişikliyi göstərir. Ötən il əhali ticarət müəssisələrində ən çox pulu dekabr ayında xərcləyib. Dekabrda əhalinin aylıq xərci 8,34 milyard manat olub ki, bu da noyabrdakı xərcdən 3 milyard manata yaxın çoxdur.
Ümumilikdə, əhali ticarət mağazalarında bir ildə xərclədiyi 62,2 milyard manat pulun 13,4 faizi dekabrda xərclənib. Eyni zamanda, dekabrda əhalinin xərclərinin 4,6 milyard manatı ərzaq mallarının alınmasına ayrılıb. Dekabrda ərzağın alınmasına çəkilən xərc noyabrdan 1,5 milyard manat çox olub. Qeyri-ərzaq mallarında da eyni vəziyyətdir. Bu növ malların alınmasına dekabrda 3,74 milyard manat ayrılıb ki, bu məbləğ noyabrdakı məbləğdən 1,3 milyard manat çox olub. Əhali restoran və əyləncə mərkəzlərində də ən çox pulu dekabrda xərcləyir. Dekabrda bu məqsədlə 281 milyon manat pul xərclənib və həmin məbləğ noyabra nisbətən 64 milyon manat çox idi.
Nəticələrə əsasən, Azərbaycanda 2025-ci ilin yanvar-avqust ayları üzrə illik istehlak qiymətləri indeksi təxminən 5.6% olub. Yəni ümumi qiymət səviyyəsi ötən ilin eyniylə müqayisədə bu səviyyədə artıb.
Qida məhsulları və xidmətlərdə bu artım daha yüksək olub. Yeni il səbəbi ilə dekabr ayında ən çox xərcləmə artımı müşahidə olunan sahələr: Qida məhsulları Yeni il süfrəsi üçün ərzaq alışları xərclərin əsas hissəsini təşkil edir. Ət məhsulları, meyvə-tərəvəz, şirniyyat və içkilərə tələbatın artması qiymətlərin də yüksəlməsinə səbəb olur. Bayram günlərində qida xərcləri adi aylara nisbətən 30-40 faiz arta bilir.
Restoran və xidmət sektoruna, kafe, iaşə, kuryer və əyləncə xidmətlərinə maraq dekabr ayında kəskin yüksəlir. Şirkət tədbirləri, ailəvi şənliklər və sifarişli yeməklər bu sahədə xərclərin artmasına təsir göstərir. Hədiyyələr və geyim Yeni il hədiyyələri, geyim, kosmetika və məişət texnikası satışlarında da canlanma qeydə alınır.
Bu kateqoriyada xərclər adətən 15-25 faiz aralığında artır. Uşaq məhsulları və oyuncaqlar Şaxta baba hədiyyələri, oyuncaqlar və uşaq geyimləri xüsusilə ayın son həftəsində yüksək tələbat görür.
Fidan Hacızadə
Sfera.az