Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını kəskin zərurət olmadığı halda Almaniyaya səfər etməkdən çəkinməyə çağırıb. Eyni zamanda, Almaniyada son dövrlərdə xüsusi ordu hazırlıqları aparılması, əhaliyə xəbərdarlıqların verilməsi və 2035-ci ilə qədər ordunun 260 min nəfərə çatdırılması məqsədilə atılan addımlar iki ölkə arasında soyuq küləklərin əsdiyini göstərir.


 


Bütün bunlar Almaniya və Rusiya arasında müharibə riskinin olub-olmadığı sualını gündəmə gətirib.


 


Sfera.az-a mövzu ilə bağlı açıqlama verən sabiq deputat, politoloq Elşad Mirbəşiroğlu ümumiyyətlə Rusiya ilə Avropa ölkələri arasında kifayət qədər ciddi gərginliyin olduğunu bildirib:


 



 


“Xüsusilə də son dövrlərdə Avropa liderləri, Avropanın bir sıra ölkələrinin rəhbərləri Rusiyanın NATO ölkələrinə hücum etmə ehtimalı barədə daha intensiv danışmağa başlayıblar. Düzdür, Rusiya rəsmiləri bunu dəfələrlə inkar edərək belə niyyətlərinin olmadığını bildiriblər. Lakin buna baxmayaraq, tərəflər münasibətlərdə kifayət qədər ehtiyatlı davranmağa üstünlük verirlər. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova israrla xəbərdarlıq edib ki, xüsusi ehtiyac olmadığı halda Rusiya vətəndaşları Almaniyaya səfər etməsinlər. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, bu çağırış təkcə sıravi vətəndaşlara deyil, eyni zamanda kütləvi informasiya vasitələrinin nümayəndələrinə də yönəldilib. Bu da sözsüz ki, ciddi gərginliyin mövcudluğundan xəbər verir”.


 


Eks parlamentari bütövlükdə Avropanın özündə gələcəkdə Rusiyanın NATO ölkələrinə hücum etmə ehtimalı ilə bağlı vahid mövqe olmadığını vurğulayıb:


 


“Yəni, yalnız bir sıra Avropa ölkələri, xüsusilə də Avropanın aparıcı dövlətləri belə bir təhlükənin mövcud olduğunu vurğulayırlar. Bununla yanaşı, Estoniya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri bildirib ki, Rusiyanın yaxın zamanlarda Avropaya hücum etmək planı mövcud deyil. Bu məzmunda məlumatlar da yayılıb. Digər tərəfdən, 2025-ci ilin sentyabr ayında Almaniyada aparılmış sorğuya əsasən, əhalinin 62 faizi Rusiyanın belə bir hücum həyata keçirə biləcəyini düşünür. Xüsusilə də Polşa, Latviya və Litva nəzərdə tutulur. Bütün hallarda həm Rusiya, həm də Avropa ölkələri qarşılıqlı şəkildə bir-birilərini ittiham etməkdədirlər. Sözsüz ki, hərb meydanındakı real silahlarla yanaşı, informasiya silahından da olduqca fəal istifadə olunur. Buna görə də həqiqətin harada olduğunu müəyyənləşdirmək xeyli çətindir. Avropa ölkələrinin bu cür yanaşması spekulyativ də ola bilər. Çünki Estoniya Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin də qeyd etdiyi kimi, Rusiyanın belə bir niyyəti olmaya bilər.


 


Buna baxmayaraq, Böyük Britaniya və Almaniya ordularının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Almaniyada yaxın perspektivdə müasir ordu quruculuğu, həmçinin ordunun sayının artırılması istiqamətində addımlar atmaq niyyəti nümayiş etdirilir. Bu baxımdan hesab edirəm ki, hələlik tərəflər arasında əsasən informasiya mübarizəsi getməkdədir. Amma dolayısı ilə Avropa ölkələri ilə Rusiya arasında proksi müharibənin mövcud olduğu da faktdır. Biz bunu Ukrayna meydanında açıq şəkildə müşahidə edirik. Təsadüfi deyil ki, Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşmalarında gələcəkdə Rusiyanın NATO və Avropa ölkələrinə hücum etməməsi ilə bağlı öhdəliklərin də yer alacağı ehtimal olunur. Görünür, belə bir ehtimal həqiqətən də nəzərdən keçirilir. Lakin düşünürəm ki, yaxın gələcəkdə bu cür bir müharibənin baş verməsi inandırıcı deyil”.


 


Bəsti Rəfizadə


Sfera.az