Yeni ilin yaxınlaşması ilə ölkədə bayram ab-havası daha aydın hiss olunur. Küçələr bəzədilir, ailələr və dostlar bir araya gəlmək üçün planlar qurur, ictimai-siyasi gündəmdə isə ötən ilin yekunları və qarşıdan gələn ilin hədəfləri müzakirə olunur. Bu proses təkcə vətəndaşları deyil, dövlət idarəçiliyində təmsil olunan şəxsləri, o cümlədən Milli Məclisin deputatlarını da düşündürür. Bir il ərzində seçicilərin etimadını doğrultmaq, qanunvericilik təşəbbüsləri ilə çıxış etmək və ölkənin sosial-iqtisadi inkişafına töhfə vermək məsuliyyəti daşıyan deputatlar üçün Yeni il həm də görülən işlərə qısa bir nəzər salmaq, gələcək planları müəyyənləşdirmək üçün fürsət kimi dəyərləndirilir.


 


Bayram günlərində deputatların Yeni ili harada və hansı formatda qarşılaması, ailə ilə sakit istirahətə üstünlük verib-verməməsi və ya cəmiyyətlə daha yaxın təmasda olmağı seçməsi maraq doğurur. Eyni zamanda, qarşıdan gələn ildən gözləntiləri, qanunvericilik prioritetləri, sosial rifahın yüksəldilməsi və ölkə üçün vacib hesab etdikləri istiqamətlər də ictimaiyyət üçün önəmlidir. 


 


Bu çərçivədə Sfera.az olaraq Milli Məclisin üzvlərinə müraciət edərək onların Yeni il planları, gələn illə bağlı gözləntiləri və şəxsi-professional hədəfləri ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.




Millət vəkili Pərvin Kərimzadə bildirib ki, ən böyük arzusu xalqımız üçün ötən il olduğu kimi  2026-cı ildə sabitlik, firavanlıq və yeni imkanların açılması, dövlətimiz üçün isə dayanıqlı inkişaf və beynəlxalq nüfuzun daha da artmasıdır:


 


“Hər yeni il yeni məsuliyyətlər və imkanlar gətirir. Millət vəkili üçün hər yeni il, seçicilərin etimadını doğrultmaq, onların müraciət və təkliflərini nəzərə alaraq daha səmərəli fəaliyyət göstərmək üçün yeni imkanlar yaradır. Ümumilikdə, yeni il planları ölkənin davamlı inkişafına, cəmiyyətin rifahının yüksəldilməsinə və seçicilərin gözləntilərinin doğruldulmasına yönəlmiş məqsədyönlü və sistemli fəaliyyəti əhatə edir”.


 





P.Kərimzadə qeyd edib ki, Yeni ili Gəncədə ailəsi ilə birlikdə qeyd edəcək:


 


“Bilirsiniz ki, mən seçildiyim Gəncə şəhərində yaşayıram. Hər il olduğu kimi, bu il də bayramı ailəmlə birlikdə, doğma və əziz Nizami yurdunda qeyd edəcəyəm. Bayramın səmimi, xoş anlarla dolu atmosferində həm ailəmlə birlikdə olmağı, həm də doğma torpağımızda doğma insanlarla, dəyərli həməşəhərlilərimizlə birlikdə olmaq unudulmaz bayram olur”.




Deputat Vüqar Bayramov isə Yeni ili Bakıda keçirməyi düşünür:


 


“Bu həftəsonu Füzuli rayonunda olacam. Həm vətəndaş qəbulu keçirəcəm, həm də bizim 29 dekabrda şəhid ailələri və qazilərimiz üçün yeni il tədbiri var. Orada iştirak edəcəyəm. Daha sonra isə bütövlükdə Yeni il bayramını yəni 31 dekabrı Bakıda evimdə keçirəcəm. Praktiki olaraq bu vaxta qədər yeni ili heç zaman evdən kənarda, restoranda qeyd etməmişəm. Bu səbəbdən evdə ailəmizlə qeyd etməyi düşünürük”. 


 



 


Millət vəkili 2026-cı ildən gözləntilərinin çox olduğunu deyib:


 


“İqtisadi baxımdan daha çox uğurlara imza atacağımıza inanıram. Bununla yanaşı, qlobal iqtisadiyyatda qeyri-müəyyənlik davam edəcək. Qlobal iqtisadiyyat müharibələrinin daha da dərinləşməsi gözlənilir. Bu baxıdan 2026-cı ildə xüsusən də Azərbaycan iqtisadiyyatının qlobal mənfi təsirlərə çevilik reaksiyası çox önəmlidir. Düşünürəm ki, 2026-cı ildə Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayacaq. 2025-ci illə müqyisədə növbəti il daha çox iqtisadi artım oalcağı gözlənilir”. 


 


Parlamentari Zahid Oruc da gələn il üçün diləklərini belə çatdırıb:


 


“İlk növbədə, millətimizin həyatında son 5 il fərqli bir yüz ilin başlanğıcı kimi yaşanır. Ötən on illər ərzində işğal tarixinin yaratdığı haşiyəli və xüsusi faciə günlərinin ildönümləri əsasında həyatımız yetərincə yüklü idi. Hətta dəyişən illər belə növbəti dövrə bu ağır mirasın daşınması ilə əlamətdar idi. Sanki nəsillərarası günah və bir-birini ittiham etmə mövqeləri yaşanmaqda idi. Bu, əlbəttə, çox mənfi haldır. Qürurlu, böyük qələbələrlə zəngin olan səlnamələri gələcək nəslə ötürmək millətin uğurlarını artırmaq, ideyallarını gücləndirmək, onun sosial rifahına, ictimai həyatına, təhsilə, səhiyyəyə və mənəfi birliyə xidmət edən hadisələrdir. Artıq ərazi bötüvlüyü və suverenliyin verdiyi üstünlüklərədn millətimiz üçün gələcək dövr gözləntilərimizi də açıq mətnlə bəyan etməkdəyik.


İlk növbədə, 8 avqustda ABŞ-nin lideri tərəfindən ifadə olunan və dünyaya nümayiş etdirilən dövlətimizin legitimliyinin tanınmasının sülh müqaviləsinə rəsmi olaraq çevrilməsin və böglədə yeni bir dönəmin başlanmasını gözləyirik. Bu, özü-özlüyündə sadəcə iki dövlət arasındakı anlaşmalar olmayacaq, qlobal güclərin bölgədə bizim iradəmizdən kənarda cərayan edəcək planlarının qarşısınım alınması və Azərbaycanın zəfərdən sonra yaratmaq istədiyi geosiyasi arxitekturanın qurulması demək olacaq. Böyük Qayıdışın daha da geniş əsaslarda həyata keçiriləcəyi və məcburi köçkkünlərin öz doğma torpaqlarına qayıdacağı ilə bağlı gözləntimiz var. Həmçinin, sərhədlərin bağlı olması səbəbindən müxtəlif sosial, iqtisadi və ölkələrarası əlaqələrin xeyri dərəcədə məhdudiyyətlə müşahidə olunmaları biləvasitə regional və beynəlxalq məkanda yaşanan böhranlar, təhlükələr, yarı-hərbi qurumların, strukturların axınları , böyük miqrant və qaçqın kütlələrinin hərəkətləri ilə çox bağlıdır. Arzu edirik ki, 2026-cı ildə beynəlxalq təhlükəsizlik sistemi və onun alt qatında regional müstəvidə əmin-amanlıq təmin olunsun. Qarabağda başlayan budəfəki sülh daha geniş müstəvilərə daşına bilsin, sabit bir dünya nizamı formalaşsın”.


 



 


Z.Oruc qeyd edib ki, idarəetmə sistemində ölkə rəhbərinin qarşıya qoyduğu mühüm vəzifələr var:


 


“Vətəndaşlar üçün bu öhdəllikləriin yerinə yetirilməsi, insanlara xidmət göstərilməsi kimi vəzifələr irəli sürülüb. Daha geniş kommunikasiyaların həyata keçirilməsini arzulayır, həm də gözləyirik. Düşünürəm ki, cəmiyyətlə siyasi dialoqun genişləndirməsi ölkədə yaranan sülhün Zəngəzur və digər kommunikasiyaların açılması fonunda, həm də daxili mühitdə yaşanacaq inkişaf və insanların qələbəmizdən faydalanma imkanları yaranaq. O cümlədən, regionlarda yaşanan müxtəlif gərginliklər bir sıra hallarda xaricdən idxal olunur. Bunun qarşısını ala bilmək, təhlükəsizliyimizin güclənməsi, həmçinin Azərbaycanın qələbəsinin coğrafiyasının genişlənməsini təkcə könül deyil, həm də siyasi məkanda irəliləməsini arzulayırıq. Bu mənada 2026-cı ildən gözləntilərimiz hədsiz çoxdur. Dərindən inanırıq ki, bunlar millətimiz, ordumuz, Ali Baş Komandanımızın liderliyi ilə birlikdə reallaşacaqdır. Şuşanı daha milyonlarla azərbaycanlı gedib görə biləcək. Sorğu edəndə hər bir vətəndaş bir dəfə azad olunmuş ərazilərin bütün ərazində olduqlarını deyəcəklər, minasız Azərbaycan qurulacaq. Beləliklə, inkişaf edən dövrə daxil olacayıq”.


 


Firuzə Əliyeva

Sfera.az