Son günlər əhali arasında kəskin simptomlarla müşahidə olunan xəstəliklərin artması diqqət çəkir. Bir çox vətəndaşın ağır gedişli halsızlıq, yüksək hərarət və digər əlamətlərdən şikayətlənməsi bu vəziyyətin mövsümi xarakter daşıyıb-daşımadığı və yoluxmanın qarşısının necə alınmalı olduğu ilə bağlı suallar doğurur.
İnfeksionist Aytən Ziyadova Sfera.az-a açıqlamasında bildirib ki, hazırda həm uşaqlar, həm də böyüklər arasında influenza (qrip) virusunun geniş yayılması müşahidə olunur. Onun sözlərinə görə, bu virus bəzi hallarda ağır simptomlarla keçə bilər:
“Xüsusilə qeyd olunmalıdır ki, dövriyyədə olan ştamp sürətli yayılma və yüksək yoluxuculuq xüsusiyyəti ilə seçilir, eyni zamanda ağırlaşmalara səbəb olmaq riski daşıyır. Bu səbəbdən xəstəliyə qarşı vaxtında və düzgün tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Virusun kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün təmasların minimuma endirilməsi əsas şərtlərdən biridir. Mümkün qədər insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq, qapalı məkanlarda uzun müddət qalmaqdan çəkinmək tövsiyə olunur. Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə isə vaxt itirmədən həkimə müraciət etmək vacibdir”.
İnfeksionist qeyd edib ki, əgər ilk 48 saat ərzində diaqnoz dəqiqləşdirilərsə, həkim məsləhəti ilə xüsusi antiviral preparatlardan istifadə etmək mümkündür:
“Bu dərmanlar xəstəliyin gedişatını yüngülləşdirə və ağırlaşma riskini azalda bilər. İnfluenza virusuna qarşı peyvənd də mövcuddur və bu, qorunmanın ən effektiv üsullarından biri hesab olunur. Xüsusilə payızın əvvəllərində və yaz mövsümündə tətbiq edilən qrip peyvəndi hər il virusun dəyişən ştamplarına uyğun olaraq yenilənir. Təəssüf ki, bir çox hallarda peyvənd ya gecikdirilir, ya da artıq xəstəliyə yoluxduqdan sonra vurulur. Halbuki nəzərə almaq lazımdır ki, peyvəndin qoruyucu təsiri təxminən 2 həftə sonra formalaşır. Buna görə də peyvəndin vaxtında vurulması həm fərdi sağlamlıq, həm də ümumi ictimai təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır”.
Niyaz Hacıyev
Sfera.az