2026-cı il qlobal iqtisadiyyat üçün qeyri-müəyyənliklərlə dolu bir mərhələ kimi qiymətləndirilir. Dünya bazarlarında geosiyasi gərginliklərin tam aradan qalxmaması, iri iqtisadiyyatlar arasında ticarət və texnoloji rəqabətin davam etməsi, eyni zamanda enerji və maliyyə bazarlarında dalğalanmalar bir çox ölkələr üçün yeni risklər formalaşdırır. Beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, qarşıdakı dövrdə iqtisadi artım tempinin zəifləməsi, inflyasiya təzyiqlərinin tam aradan qalxmaması və investisiya axınlarının ehtiyatlı davranışla müşayiət olunması ehtimalı yüksəkdir.
Bu şəraitdə ixrac gəlirlərinin böyük hissəsini enerji sektorundan əldə edən ölkələr üçün risklər daha həssas xarakter daşıyır. Xüsusilə neft qiymətlərində kəskin enişlərin baş verməsi və bu prosesin uzunmüddətli olması dövlət büdcəsi, valyuta daxilolmaları və sosial xərclər üzərində ciddi təsir göstərə bilər. Eyni zamanda qeyri-neft sektorunun hələ də iqtisadiyyatda aparıcı rola malik olmaması mümkün şoklara qarşı dayanıqlılığı zəiflədir. Bütün bu amillər 2026-cı ildə iqtisadi risklərin daha diqqətlə qiymətləndirilməsini və preventiv addımların vacibliyini ön plana çıxarır.
Bəs 2026-cı ildə hansı iqtisadi risklərlə qarşılaşa bilərik?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, 2026-cı il 2025-ci ildən daha ağır ola bilər.
Onun sözlərinə görə, bir sıra risklər böyüməkdə davam edir:
“Ehtimal olunur ki, 2026-cı ilin aprel–avqust aylarında orta statistik Azərbaycan vətəndaşı bunu birbaşa hiss edəcək. Hazırda piştaxtalarda bahalaşma görünür, amma bəzi məsələlər düzəlməsə, bu, daha sərt formada hiss ediləcək. İqtisadi risklər ilbəil artır. Xüsusilə, 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi başladıqdan sonra dünya iqtisadiyyatında baş verən kataklizmlər nəticəsində bir sıra sahələrdə nizam pozulub. Qlobal risklər fonunda Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə və Sakit Okean hövzəsində baş verən hadisələr logistika risklərini artırır. ABŞ və Çində qeyri-artım tendensiyası da əlavə risklər yarada bilər”.
A. İbrahimov qeyd edib ki, Azərbaycan üçün sosial-iqtisadi risklər mövcuddur:
“İqtisadiyyatımız idxaldan asılıdır. Bütün məhsullarda bahalaşma müşahidə oluna bilər. Neft qiymətlərinin aşağı düşməsi ciddi şəkildə dövlət büdcəsinə təsir göstərə, valyuta ehtiyatlarının azalmasına və "təhlükəsizlik yastığı" adlandırılan rezervlərin xərclənməsinə səbəb ola bilər. Bu isə bir sıra infrastruktur layihələrinin maliyyələşməsini çətinləşdirə, büdcə kəsirinin yaranmasına gətirib çıxara bilər. Neft gəlirlərinin azalması bir çox faktorlara ciddi təsir göstərə bilər”.
İqtisadçı əlavə edib ki, 2026-cı ildə bahalaşma riski yüksəkdir:
“İstər ərzaq, istər elektrotexnika, avtomobil, istərsə də geyim məhsullarında bahalaşma olacaq. Yanacaq qiymətləri arta, xidmət sahələrində də bahalaşma müşahidə oluna bilər. Bunun qarşısını almağın bir yolu var: Azərbaycan hökuməti bir neçə ssenari üzrə nəzarət tədbirlərini həyata keçirməlidir. Qanunvericilik müasir iqtisadi tələblərə və sosial sifarişə uyğunlaşdırılmalıdır. Hazırda qanunvericilikdə ciddi problemlər mövcuddur”.
İqtisadçı Fuad İbrahimov isə bildirib ki, bölgədə hər hansı qarşıdurma və ya fövqəladə hal iqtisadiyyata mənfi təsir göstərə bilər:
“Bunlardan heç kim sığortalanmayıb. Əgər neftin qiyməti kəskin şəkildə düşər və aşağı səviyyədə 6 aydan çox qalarsa, iqtisadiyyatımızda ciddi çətinliklər yarana bilər. Hazırda neft və qeyri-neft sektorunun çəkisi müvafiq olaraq 88 və 12 faizdir. Qeyri-adekvat bazar reaksiyası baş verərsə, problemlər qaçılmaz olacaq. Bunun öhdəsindən gəlmək üçün müəyyən vaxt lazım olacaq”.
Firuzə Əliyeva
Sfera.az