Yeni il gecəsi ənənəvi olaraq atəşfəşanlıqlar ilə qeyd olunur. Göy üzünə yüksələn rəngli işıqlar bayram ruhunu canlandırır, insanlarda sevinc və birlik hissi yaradır.
Lakin atəşfəşanlıqların həm də zərərləri vardır.
Maraqlıdır, pirotexniki vasitələrlə hər hansı təhlükəli vəziyyət nələrə səbəb ola bilir? Azyaşlıları necə qorumaq olar?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza söyləyib ki, bayram günlərində insanlar xüsusi olaraq sevinir və bu sevinci atəşfəşanlıqla ifadə edirlər:
“Lakin bu cür vasitələrin təhlükəli tərəfləri də var, xüsusilə azyaşlı uşaqlar üçün. Bu səbəbdən ilk növbədə maarifləndirmə işləri aparılmalı, daha sonra isə ciddi nəzarət təmin olunmalıdır”.
Ekspert valideynlərin övladlarına nəzarət etməli olduğunu, eyni zamanda bu vasitələri satan satıcılar da üzərlərinə düşən məsuliyyəti dərk etməli olduğunu qeyd edib:
“Çünki azyaşlılara bu cür vasitələrin satılması yolverilməzdir. Hər iki tərəf nəzarəti gücləndirsə, uşaqların bu məhsulları əldə etməsi məhdudlaşar. Digər tərəfdən, fişəngi xüsusilə üz nahiyəsinə tutmaq olmaz. Yandırılan zaman yalnız yuxarı istiqamətə yönəldilməlidir. Həmçinin yaşayış binalarından və insanların sıx toplaşdığı yerlərdən uzaqda istifadə olunmalıdır. Bu sahədə dövlət nəzarəti mövcud olsa da, ən böyük məsuliyyət vətəndaşların üzərinə düşür”.
Qeyd edək ki, atəşfəşanlıqdan nəzarətsiz istifadə ciddi fəsadlara səbəb olur. Bayram günlərində xüsusilə azyaşlı uşaqlar arasında yanıq, əl, üz və göz xəsarətləri artır. Bəzi hallarda bu zədələr daimi görmə itkisi və ağır travmalarla nəticələnir.
Fidan Hacızadə
Sfera.az