“Samsung”un növbəti flaqman smartfonları olan “Galaxy S26” seriyasının peyk üzərindən səsli zəng funksiyası ilə satışa çıxacağı iddia olunub. Bu yeniliyin arxasında şirkətin hazırladığı yeni nəsil “Exynos Modem 5410” çipinin dayandığı bildirilib.


 


Sfera.az xəbər verir ki, şirkətdən yayılan məlumatlara əsasən, “Samsung”un 2 nm texnologiyası ilə istehsal edilən ilk prosessoru olan “Exynos 2600” ilə bağlı detallar dəqiqləşdikcə, bu güclü platformanın rabitə komponenti də üzə çıxıb.” Exynos Modem 5410” gələcək flaqman cihazlarda rabitə imkanlarını yeni səviyyəyə daşımağı hədəfləyib. Yeni modem “LTE DTC”, “NB IoT NTN” və “NR NTN” texnologiyalarını tək bir çipdə birləşdirərək fasiləsiz və stabil bağlantı təmin etməyi nəzərdə tutub. Xüsusilə “LTE DTC” funksiyası peyk üzərindən birbaşa mobil şəbəkə vasitəsilə səsli zənglərin həyata keçirilməsinə imkan yarada bilər ki, bu da fövqəladə hallarda mühüm üstünlük hesab olunub.


 


“4 nm EUV” istehsal prosesi ilə hazırlanan “Exynos Modem 5410”un “14,79 Gbps”ə qədər maksimum yükləmə sürəti təqdim etdiyi bildirilib. “3GPP Release 17” standartına əsaslanan modem həm “sub-6GHz”, həm də “mmWave” tezliklərində 5G NR ikili bağlantı dəstəyinə malikdir. Şirkətin ən yüksək səviyyəli modeminin yaxın zamanda təqdim olunacaq “Galaxy Z Flip8” və “Galaxy S26” ailəsində istifadə ediləcəyi ehtimal olunur. Əgər bu iddialar təsdiqlənərsə, “Samsung”un yeni flaqman modelləri inkişaf etmiş peyk rabitəsi imkanları ilə bazarda mühüm yeniliklərdən birinə imza ata bilər.


 


Bəsti Rəfizadə


Sfera.az