Dünyanın əksər ölkələrində Yeni il 1 yanvar tarixində qeyd edilsə də, bir sıra dövlətlərdə və xalqlarda bu bayram fərqli günlərdə, milli, dini və tarixi təqvimlərə əsasən qarşılanır.


 


Sfera.az xəbər verir ki, araşdırmalarına görə, Yeni ilin tarixi hər bir cəmiyyətin mədəni irsi və inancları ilə birbaşa bağlıdır. Asiya ölkələrinin bir hissəsində Yeni il Ay təqvimi ilə hesablanır. Çin, Vyetnam, Cənubi Koreya və Monqolustanda əsas Yeni il bayramı yanvar-fevral aylarına təsadüf edir.


 


Bu tarix hər il dəyişir və ailə birliyi, bolluq və yeni başlanğıcların rəmzi kimi qeyd olunur. Eyni zamanda, Azərbaycan, İran və Mərkəzi Asiya ölkələrində isə Yeni il Novruz bayramı ilə martın 20-21-də, bahar bərabərliyi günündə qarşılanır. Minilliklərə söykənən bu bayram təbiətin oyanışı, yenilənmə və rifah arzusu ilə bağlıdır. İsraildə və yəhudi icmalarında Yeni il Roş Haşana adlanır və yəhudi təqviminə əsasən sentyabr-oktyabr aylarında qeyd edilir. Bu günlər daha çox mənəvi dəyərlər, tövbə və yeni il üçün niyyətlərlə yadda qalır.


 


Bununla yanaşı, Afrika qitəsində yerləşən Efiopiyada Yeni il Enkutataş adlanır və sentyabrın 11-12-də qeyd olunur. Bu tarix Efiopiya təqviminin başlanğıcı hesab edilir və ölkədə rəsmi bayram statusu daşıyır. Banqladeşdə və Hindistanın bəzi bölgələrində Yeni il Pohela Boishakh adı ilə 14 aprel tarixində keçirilir. Həmin gün kütləvi şənliklər, milli geyimlər və xalq yürüşləri təşkil olunur.


 


Fidan Hacızadə


Sfera.az