ABŞ Tehranın nüvə proqramını inkişafı etdirəcəyi təqdirdə, İsrailin İrana mümkün yeni zərbələrini dəstəkləməyə hazır olacaq.


 


Bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.


 


"Eşidirəm ki, İran yenidən (nüvə potensialını) artırmağa çalışır və əgər bu belədirsə, biz onları dayandırmalı olacağıq. Biz onları dayandıracağıq. Onların ağlını başlarına gətirəcəyik. Lakin ümid edirəm ki, belə bir şey baş vermir", - deyə Tramp bildirib.


 


İran üçün müharibə təhdidi güclənirmi?


 


Məsələ ilə bağlı politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, uzun illərdir Amerika tərəfindən Tehranın nüvə proqramının inkişafı ilə bağlı səsləndirilən iddialar davam edir və bununla bağlı müəyyən açıqlamaları tez-tez müşahidə edilir:


 



 


 “ABŞ rəhbərliyinin, xüsusən prezident səviyyəsində, tez-tez təhdid dilində danışığının şahidi oluruq. Bu da həmin açıqlamalardan birinin davamıdır. Burada diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, Ağ Ev İsrailin İrana mümkün yeni zərbələrini dəstəkləməyə hazır olduqlarını bəyan edir. Bu isə onu göstərir ki, son illərdə ümumilikdə Amerika İrana ünvanlanan mesajlarını İsrail üzərindən çatdırır. Hətta bu mərhələ artıq İsrail vasitəsilə həyata keçirilən əməliyyatlar formasına qədər gəlib çıxıb. Yəni İsrail İrana qarşı əməliyyatlar həyata keçirir və bütün dünya bilir ki, bu əməliyyatların arxasında ABŞ dayanır. Çünki təkbaşına İsrailin İranla bu səviyyədə qarşıdurma aparacaq gücə sahib olmadığı hər kəsə bəllidir. Bunu etiraf etmək lazımdır. Hamıya məlumdur ki, İsrailin arxasında İranla mübarizə aparan əsas güc ABŞ-dir. Bu da həmin siyasətin davamıdır. Donald Tramp İsrail üzərindən rəsmi Tehrana təhdidlər ünvanlayır. Biz bu tip açıqlamalarla tez-tez rastlaşmışıq: İran nüvə proqramının inkişafını dayandırmasa, onu dayandıracaqlarını, hətta bunun müharibə ilə nəticələnə biləcəyini bildiriblər”.


 


Politoloqun 2005-ci ildə bütün dünyanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlayacağını düşündüyünü xatırladıb:


 


“Çünki həmin dövrdə əvvəlcə Əfqanıstan əməliyyatı, ardınca isə İraqa qarşı əməliyyatlar həyata keçirilmişdi. Buna görə də bir çoxları analoji ssenarinin İrana qarşı da tətbiq olunacağını düşünürdü. Lakin 2005-ci ildə İrana qarşı hər hansı hərbi əməliyyatın şahidi olmadıq. Bu da həmin siyasətin davamı olacaq. Mən heç vaxt ABŞ-nin İrana qarşı açıq şəkildə hərbi əməliyyatlara başlayacağını düşünmürəm. Bu, mümkün görünmür, çünki regional müharibəyə səbəb ola bilər. Hər nə qədər İsrail-İran qarşıdurması fonunda Rusiyanın İranı meydanda tək buraxmadığı barədə fikirlər səslənsə də, əslində vəziyyət bu qədər sadə deyil. Əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, bu, bölgədə ABŞ-Rusiya qarşıdurmasına da yol aça bilər. Çünki regionda Rusiyanın ən yaxın müttəfiqlərindən biri İran hesab olunur və şimal qonşumuz İranın sıradan çıxarılmasına heç vaxt göz yuma bilməz. Bu səbəbdən ABŞ bu cür müharibənin içinə girmək istəməz. Ona görə də biz bundan sonra da İranın nüvə proqramını inkişaf etdirməkdən geri çəkilməsi üçün, Ağ Evdə kimin oturmasından asılı olmayaraq, bu cür təhdidlərin şahidi olacağıq. Tramp tərəfindən bu tip açıqlamaların verilməsi də təəccüblü deyil. Gələcək perspektivdə İran hər hansı bir əməliyyata cəlb oluna bilərsə, bu daha çox İsrail ilə bağlı olacaq, Amerika ilə yox. Son qarşıdurmalar da göstərdi ki, ABŞ İranla birbaşa döyüş meydanına çıxmır, yalnız İsrail üzərindən Tehranla “danışır”.


 


Bəsti Rəfizadə


Sfera.az