Avropa İttifaqının (Aİ) Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi üzrə danışıqları bərpa etməyə hazır olduğunu bəyan etməsi tərəflər arasında münasibətlərin yeni mərhələyə keçə biləcəyindən xəbər verir. Lakin bu mərhələnin reallaşması üçün Aİ və Azərbaycanın qarşılıqlı maraqlar əsasında müəyyənləşdiriləcək yeni prioritetlər üzərində razılığa gəlməsi əsas şərt kimi göstərilir. 


 


Məhz bu kontekstdə sual yaranır: formalaşacaq yeni strateji tərəfdaşlıqda tərəflər üçün hansı istiqamətlər ön plana çıxa bilər?




Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Azərbaycan ilə əlaqələrinin inkişaf tempində son dövrlərdə nəzərəçarpacaq dərəcədə sürətlənmə müşahidə olunur. Onun sözlərinə görə, bu inkişaf həm siyasi, həm iqtisadi, həm də sosial sahələri əhatə edir və tərəflər arasında əməkdaşlığın daha möhkəm və dayanıqlı bazada qurulmasına imkan yaradır:


 


“Həmçinin strateji tərəfdaşlıq yönündə də müəyyən addımlar atılır ki, bu da əlaqələrin yalnız gündəlik əməkdaşlıq səviyyəsində qalmayıb, uzunmüddətli və sistemli xarakter almasını təmin edir. Gedən danışıqların əsas məqsədi strateji tərəfdaşlıq sazişinin imzalanması üçün prioritet təşkil edən məsələlərin razılaşdırılmasıdır. Bu məsələlərin səmərəli şəkildə həlli, sazişin imzalanmasını mümkün edəcək və tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaradacaq. Belə bir sazişin imzalanması Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır, çünki ölkənin Avropa İttifaqı ilə əlaqələrini strateji səviyyəyə çıxarmaqla yanaşı, müxtəlif sahələrdə, o cümlədən ticarət, enerji, texnologiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə imkan verəcək”.


 



 


Politoloq qeyd edib ki, əvvəllər də mövcud olmuş bu əlaqələrin daha da inkişaf etdirilməsi, eyni zamanda digər müxtəlif sahələrdə yeni əlaqələrin qurulması üçün sazişin əhəmiyyəti böyükdür:




“Sazişin imzalanması ilə həm iqtisadi, həm siyasi, həm də sosial layihələrin həyata keçirilməsi sürətlənəcək, iki tərəf arasında strateji dialoq daha da güclənəcək. Bu, həmçinin regionda sabitliyin təmin olunması və qarşılıqlı maraqların qorunması baxımından da önəmli addım kimi qiymətləndirilir”.


 


Niyaz Hacıyev

Sfera.az