İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bəyan edib ki, əsas məqsədi xalqa xidmət göstərməkdir və əgər məsuliyyət ona həvalə olunubsa, problemlərin həllini təmin etməlidir.


 


Dövlət başçısı qeyd edib ki, ölkədə heç kimin çətin vəziyyətdə, aclıq və yoxsulluq içində qalmasına yol verilməməlidir:


 


“Allah nəsib etməz ki, bir insan cəmiyyətdə səfalət içində yaşasın. Biz də buna biganə qala bilmərik”-deyə o vurğulayıb. Pezeşkian həmçinin bildirib: Əgər xalqa xidmət edə bilmirəmsə, demək, bu postda qalmağımın mənası yoxdur”.


 


İrandakı mövcud iqtisadi vəziyyət ölkəni Qərbin tələblərinə əməl etməyə məcbur edə bilərmi?


 


Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, İranda mövcud iqtisadi durumun ağırlığı hakimiyyət qarşısında həm daxili sabitlik, həm də sosial məsuliyyət baxımından ciddi çağırışlar yaradır:


 



 


“Prezident Məsud Pezeşkianın sosial ədalət, yoxsulluğun aradan qaldırılması və dövlətin xalq qarşısında məsuliyyəti ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə artan narazılıqların fərqində olunduğunu göstərir. Lakin uzun illərdir davam edən sanksiyalar, zəif iqtisadi idarəetmə və beynəlxalq təcrid İran iqtisadiyyatını elə bir nöqtəyə gətirib ki, təkcə daxili resurslarla vəziyyəti normallaşdırmaq getdikcə çətinləşir. Bu şəraitdə sosial və iqtisadi təzyiqlərin artması hökuməti daha praqmatik qərarlar verməyə məcbur edə bilər”.


 


Z.Qarayeva əlavə edib ki, digər tərəfdən, mövcud böhran İranı Qərblə münasibətlərdə daha çevik mövqe tutmağa sövq edə bilər, lakin bu, tam güzəşt siyasəti anlamına gəlmir:


 


“Tehran adətən daxili legitimliyini qorumaq üçün ideoloji xətti saxlayaraq, eyni zamanda iqtisadi nəfəs almağa imkan verən məhdud kompromislərə gedir. Bu baxımdan, hazırkı iqtisadi çətinliklər İranı Qərbin tələblərinə tam şəkildə boyun əyməyə deyil, daha çox seçici və taktiki əməkdaşlıq modelinə yönəldə bilər. Nəticə etibarilə, ölkədəki sosial-iqtisadi gərginlik siyasi ritorikanı yumşaltsa da, strateji xəttin köklü şəkildə dəyişməsi yaxın perspektivdə real görünmür”.


 


Fidan Hacızadə


Sfera.az