Yəməndə təhlükəsizlik vəziyyəti yenidən gərginləşib. Səudiyyə Ərəbistanı çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərindən gələn separatçı qüvvələr üçün silah daşındığı iddia edilən Mukalla liman şəhərinə hava zərbələri endirib. Hücum krallıqla BƏƏ-nin dəstəklədiyi Cənubi Keçid Şurasının separatçı qüvvələri arasında mövcud olan ziddiyyətlərin fonunda baş verib.
Hadisədən sonra Yəmənin husi əleyhdarı qüvvələri fövqəladə vəziyyət elan edib və ölkə üzrə sərhəd keçidlərinə, hava və dəniz limanlarına 72 saatlıq giriş qadağası tətbiq olunub.
Baş verənlər Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Yəmən üzərindən yeni bir qarşıdurma mərhələsinin başladığını göstərirmi və bu proses regionda yeni bir müharibə ocağının alovlanmasına yol aça bilərmi?
Məsələ ilə bağlı politoloq Kazım Kazımov Sfera.az-a açıqlama verib. Politoloqun sözlərinə əsasən, Yəmən müharibəsi, bildiyimiz kimi, Ərəb Baharı fonunda başlamış və əvvəlcə iki cəbhəli, daha sonra üç cəbhəli, bu gün isə artıq 4-5 cəbhəyə bölünmüş bir münaqişədir:
“İlk dövrlərdə husilərin hərəkəti və çevrilişi nəticəsində Körfəz ölkələrinin dəstəklədiyi mərkəzi hökumətlə başlayan ixtilaflar, daha sonra İŞİD qüvvələrinin səhnəyə çıxması ilə üç cəbhəyə ayrıldı. Ardınca isə “Əl-Qaidə”nin bölgədə mövqelərini daha da gücləndirməsi ilə bu say dörd cəbhəyə çatdı. Ancaq son mərhələyə baxdıqda, vaxtilə müttəfiq olmuş və birlikdə mərkəzi hökuməti dəstəkləmiş Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında da fikir ayrılıqlarının yarandığını görürük. Bu gün Səudiyyə Ərəbistanı daha çox Cənub Keçid Şurasını dəstəkləyir. Bəs bu iki qüvvə arasında niyə fikir ayrılıqları yarandı? Bu suala cavab vermək üçün bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi, müharibə istənilən nəticəni vermədi. Təxminən 2016-cı ildən bəri, yəni 15 ilə yaxın davam edən müharibə ərzində yüz milyardlarla vəsait xərclənməsinə, bütün Körfəz koalisiyasının Yəmənə zərbələr endirməsinə baxmayaraq, husilərə qarşı hər hansı effektiv üstünlük əldə edilə bilmədi. Düzdür, onların bütün ölkəyə tam nəzarət etməsinin qarşısı alındı, lakin strateji nöqtələrin, xüsusilə Körfəzə çıxış hissəsinin hələ də husilərin əlində qalması İranın onlara dəstəyini davam etdirməsinə imkan yaradır. Bu isə şübhəsiz ki, ərəb dövlətlərini qıcıqlandırır. Zamanla bu qıcıq Səudiyyə Ərəbistanının Körfəz liderliyini də sual altına alır və BƏƏ belə hesab edir ki, Səudiyyə Ərəbistanının apardığı əməliyyatlar və onun dəstəklədiyi mərkəzi hökumət o qədər də effektiv deyil”.
Ekspertin sözlərinə görə, mərkəzi hökumətin nüfuzu aşağı düşdüyü üçün husilər, “Əl-Qaidə” və İŞİD üzərində kifayət qədər uğur əldə edilmir:
“Məhz buna görə də BƏƏ yeni bir aktorun, Cənub Keçid Şurasının səhnəyə çıxmasını dəstəkləyir. Mən hesab edirəm ki, bu cür bölünmələrlə Yəmən münaqişəsində hər hansı irəliləyiş əldə olunmayacaq. Yəni, Cənub Keçid Şurası da mərkəzi hökumətlə getdikcə daha çox üz-üzə gəlir. Hələlik bu qarşıdurma çox kəskin olmasa da, zaman-zaman onlar bir platforma kimi təqdim edilirlər. Lakin narazılığın olduğu açıq-aşkardır. Mən hesab edirəm ki, bu narazılıq daha da artarsa, ölkə daha çox parçalanacaq. Burada bir neçə məqam var. Birincisi, həm Körfəz ölkələri, həm də digər qruplaşmalar. Təbii ki, burada söhbət İŞİD kimi terror təşkilatlarından və ya ona bənzər strukturlardan getmir. Digər qüvvələr isə şübhəsiz ki, bir masa arxasında oturmalı və Yəmənin gələcəyinin necə olacağını müzakirə etməlidirlər. Əks təqdirdə, Yəmən, BMT-nin hesabatlarına görə, dünyada aclığın ən ağır olduğu ilk beş ölkə sırasında qalmağa davam edəcək. Yəni, bir daha vurğulamaq lazımdır ki, Yəməndə bu proseslər dayanmasa, sosial soyqırım davam edəcəkdir”.
Bəsti Rəfizadə
Sfera.az
2:18 PM