ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi brifinqdən sonra ABŞ "F-35" qırıcılarının Türkiyəyə satışını təsdiqləyə biləcəyini deyib.


 


Tramp "F-35" qırıcılarının Türkiyəyə satışının təsdiqi üçün şərt qoşduğunu da əlavə edib:


 


"Onlar (Türkiyə - red.) qırıcılardan İsrailə qarşı istifadə etməyəcəklər".


 


ABŞ Türkiyəyə "F-35" qırıcılarını vermək istəyirmi, yoxsa bu, bir manipulyasiyadırmı?


 


Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, əslində, ABŞ Prezidenti Donald Tramp F-35 qırıcılarının Türkiyəyə satışı məsələsinə yenə də tam şəkildə aydınlıq gətirməyib:


 


“O, faktiki olaraq F-35-lərin Türkiyəyə veriləcəyini dolayısı ilə yenə sual altına salırdı və bu fikri “ciddi şəkildə nəzərdən keçirəcəyik” deməklə məhz bu məsələ ilə bağlı manipulyasiya etdiyini göstərdi. Əlbəttə ki, İsrail Baş naziri Netanyahu ilə birlikdə keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təriflər yağdıran Trampın F-35 təyyarələrinin Türkiyəyə verilməsi ilə bağlı şərti də inandırıcı görünmür. Trampın brifinqdə söylədikləri Netanyahu hökuməti ilə razılaşdırılmış prinsiplər əsasında qurulmuş cümlələrdir, desək yanılmarıq. Çünki Netanyahu Trampın Türkiyə ilə bağlı açıqlamalarından son dərəcə məmnun görünürdü və bu məmnunluq Trampın dediklərinin qeyri-səmimi olduğunu göstərir. Trampın “yenidən nəzərdən keçirəcəyik” cümləsinin altında indiyə qədər bununla bağlı iki ölkə arasında aparılan danışıqların sıfırlanmasına işarə var və məhz hansısa ciddi şərtlər üzərindən bu məsələyə yenidən başlamaq olar, mesajını verdi”.


 


 Ç.Şahbazi əlavə edib ki, Tramp “Türkiyə bu təyyarələri İsrailə qarşı istifadə etməyəcəyinə zəmanət versə, bu haqda ciddi şəkildə düşünə bilərik” deməklə ABŞ və Türkiyə arasında bu istiqamətdə hələ razılığın olmadığını və müəyyən şərtlər daxilində razılığa gəlmək şansının mövcud olduğunu bildirib:


 


 Xatırladaq ki, ABŞ 2019-cu ildə Türkiyəni F-35 proqramından çıxarmışdı, çünki Ankara Rusiyadan S-400 hava müdafiə sistemləri almışdı və bu, F-35 texnologiyasına qarşı təhlükə hesab olunurdu. Bu baxımdan Trampın açıqlamasında daha çox siyasi motivlər yer alır. Tramp həmçinin ABŞ-Türkiyə dostluğunu qabartmaqla Türkiyəni İsrailə qarşı sakitləşdirməyə, yatırmağa və özünün diplomatik üstünlüyünü təsdiqləməyə cəhd edir. Buna müəyyən qədər nail olub, desək yanılmarıq.


 


Fidan Hacızadə


Sfera.az