Süni intellekt texnologiyası həyatımızın ayrılmaz hissəsinə çevrilib. 2025-ci ildə süni intellektin inkişafının şahidi olduq. 




Bəs görəsən 2026-cı ildə süni intellekt, həyatımızı asanlaşdıran texnologiya olacaq, yoxsa yeni risklər yaradacaq? Qarşıdan gələn ildə süni intellekt hansı sahələrdə daha aktiv istifadə olunacaq?




Süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlamasında bildirib ki, 2026-cı ilə yaxınlaşdıqca süni intellektlə (Aİ) bağlı əsas sual “olacaqmı?”, “necə olacaq?” sualıdır. Onun sözlərinə görə, artıq bu texnologiya gündəlik həyatımızın bir hissəsinə çevrilib və qarşıdan gələn ildə də daha görünən, daha funksional formada qarşımıza çıxacaq:


 


"Süni intellekt həm həyatı asanlaşdıran güclü alət olacaq, həm də düzgün idarə olunmadıqda yeni risklər yarada biləcək. Əvvəlcə müsbət tərəfdən baxsaq, 2026-cı ildə süni intellekt iş proseslərini sürətləndirən və sadələşdirən əsas texnologiyalardan biri olacaq. İnsanlar artıq tək işləməyəcək, AI ilə birlikdə işləyəcək. Şəxsi köməkçilər, avtomatlaşdırılmış analiz sistemləri və ağıllı planlama alətləri həm fərdi, həm də korporativ səviyyədə məhsuldarlığı artıracaq. Gündəlik tapşırıqların böyük hissəsi avtomatik həll olunacaq və insanlar vaxta daha səmərəli nəzarət edə biləcəklər”.


 





Mütəxəssis qeyd edib ki, ən aktiv istifadə sahələrindən biri biznes və marketinq olacaq:




“Satış proqnozları, müştəri davranışının analizi, fərdiləşdirilmiş təkliflər və reklam strategiyaları AI üzərindən qurulacaq. Bu, şirkətlərə daha dəqiq qərarlar vermək imkanı yaradacaq. Media və kontent istehsalı da 2026-da süni intellektdən geniş istifadə edəcək sahələrdəndir. Mətn, şəkil, video və səs istehsalı sürətlənəcək. Amma burada insan faktoru yenə əsas olaraq qalacaq - AI daha çox köməkçi və icraçı rolunda olacaq. Təhsil sahəsində süni intellekt fərdiləşdirilmiş öyrənmə modelini gücləndirəcək. Hər bir insan öz bilik səviyyəsinə uyğun şəkildə öyrənə biləcək.

Risk tərəfinə gəldikdə isə əsas təhlükə sürət və etibar balansının pozulmasıdır. AI ilə yaradılan məlumatların sürətlə yayılması yanlış və ya natamam informasiyanın çoxalmasına səbəb ola bilər. Bundan əlavə, bəzi peşələrdə iş yükünün azalması və rol dəyişiklikləri baş verəcək ki, bu da uyğunlaşma problemi yarada bilər. Nəticə olaraq, 2026-cı ildə süni intellekt nə təhlükə, nə də möcüzə olacaq. O, insanın necə istifadə etməsindən asılı olan bir alət kimi həyatımızda yer alacaq. Texnologiyanı anlayan, onu düzgün yönləndirən və onunla işləməyi bacaran insanlar və qurumlar bu dəyişiklikdən ən çox fayda görən tərəf olacaq”.


 


Niyaz Hacıyev

Sfera.az