2025-ci il dünya tarixində sabitlik deyil, dərin qeyri-müəyyənlik, münaqişələr və sistemli böhranlarla yadda qalıb.


 


2024-cü ilin sonuna doğru artan qlobal gərginliklər fonunda bir çoxları yeni ilin nisbi sakitlik gətirəcəyini ümid edirdi. Lakin geridə qalan aylar göstərdi ki, beynəlxalq nizam daha da sarsılıb, böyük güclər arasında qarşıdurma dərinləşib, humanitar fəlakətlər isə görünməmiş miqyas alıb.


 


İl ərzində müharibələr, siyasi sui-qəsdlər, iqtisadi qarşıdurmalar, süni intellekt uğrunda qlobal yarış, aclıq və miqrasiya böhranı planetin demək olar ki, bütün regionlarını əhatə edib. Beynəlxalq institutların təsir gücü zəifləyib, güc balansı isə yenidən formalaşmağa başlayıb.


 


Sfera.az 2025-ci ili xarakterizə edən və qlobal proseslərə istiqamət verən 25 əsas hadisəni araşdırıb.


 


1. ABŞ-də Donald Trampın ikinci prezidentliyi


 


Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gələrək 2025-ci ilin yanvarında ikinci dəfə Ağ Evə qayıdıb. Onun administrasiyası qlobal siyasətdə ciddi dəyişikliklərə yol açıb. ABŞ idxala yüksək gömrük rüsumları tətbiq edib, NATO üzvlərindən müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağı tələb edib. Ukrayna məsələsində Kiyevə təzyiqlər artıb, qeyri-qanuni miqrantlara qarşı kütləvi deportasiya əməliyyatları başlanıb.


 


2. Qəzzada soyqırım və kövrək atəşkəs


 


İsrail və HƏMAS arasında iki ildən artıq davam edən müharibədən sonra 2025-ci ilin oktyabrında atəşkəs elan edilsə də, Qəzzada humanitar vəziyyət fəlakətli olaraq qalıb. Müharibə nəticəsində 69 mindən çox fələstinli həyatını itirib, yüz minlərlə insan evsiz qalıb.


 


3. “On iki günlük müharibə”: İsrail-İran qarşıdurması


 


İyun ayında İsrail və İran arasında baş verən silahlı toqquşmalar tarixə “On iki günlük müharibə” kimi düşüb. İsrail İranın nüvə obyektlərini hədəf alıb, ABŞ isə B-2 bombardmançıları ilə hücumlara qoşulub. Müharibə atəşkəslə bitsə də, Yaxın Şərqdə gərginlik qalmaqdadır.


 


4. Ukrayna müharibəsində nəticəsiz sülh cəhdləri


 


ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini Ağ Evdə kameralar qarşısında açıq şəkildə tənqid etməsi ilin simvolik hadisələrindən biri olub. Vaşinqtonun irəli sürdüyü sülh planları Ukraynanın ərazi güzəştlərini nəzərdə tutsa da, razılaşma əldə edilməyib.


 


5. Qlobal ticarət müharibələrinin dərinləşməsi


 


ABŞ–Çin iqtisadi qarşıdurması yeni mərhələyə keçib. Gömrük rüsumları, texnoloji sanksiyalar və strateji sektorlar uğrunda mübarizə qlobal iqtisadi artımı zəiflədib.


 


6. Çinin nadir torpaq elementləri üzərində hegemonluğu


 


Pekin nadir torpaq elementlərini geosiyasi təsir alətinə çevirib. ABŞ və Avropa alternativ mənbələr axtarsa da, qısa müddətdə asılılıq aradan qaldırıla bilməyib.


 


7. Suriya üçün “sıfır nöqtəsi”


 


Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya yeni mərhələyə qədəm qoysa da, ölkə faktiki olaraq “donmuş münaqişə” vəziyyətində qalıb.


 


8. Qızıla kütləvi axın


 


Geosiyasi risklər fonunda qızıl və digər qiymətli metallara sərmayə rekord həddə çatıb. Mərkəzi banklar ehtiyatlarını sürətlə artırıb.


 


9. ABŞ-Avropa İttifaqı münasibətlərində dərin çat


 


Tramp administrasiyasının siyasəti ABŞ-Aİ münasibətlərində faktiki ayrılıq yaradıb. Avropa “strateji müstəqillik” kursunu gücləndirib.


 


10. “Warner Bros”un satışı


 


Media nəhəngi “Warner Bros”un satışı Qərbdə söz azadlığı və informasiya təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurub.


 


11. Hindistan-Pakistan gərginliyi


 


Kəşmirdə artan qarşıdurmalar iki nüvə dövləti arasında təhlükəli eskalasiyaya səbəb olub.


 


12. Epstein sənədləri ABŞ elitasını sarsıtdı


 


Ceffri Epstein işi ilə bağlı sənədlərin açıqlanması ABŞ-də siyasi və maliyyə elitalarının qorunması ilə bağlı iddiaları yenidən gündəmə gətirib.


 


13. Yaponiyada ilk qadın baş nazir


 


Yaponiya tarixində ilk dəfə qadın baş nazir təyin olunub. Eyni zamanda Çinlə münasibətlərdə gərginlik artıb.


 


14. Z nəslinin qlobal etirazları


 


Nepal, Bolqarıstan və Mərakeşdə gənclərin kütləvi etirazları hökumətlərin istefası ilə nəticələnib.


 


15. Trampın Qrenlandiya iddiası


 


Donald Tramp Qrenlandiyanı strateji ərazi adlandıraraq onun ABŞ nəzarətinə keçməli olduğunu bəyan edib. Bu açıqlama Danimarka ilə diplomatik böhran yaradıb.


 


16. Fransada siyasi qeyri-sabitlik


 


Azlıq hökumətləri, parlament böhranı və tez-tez dəyişən baş nazirlər Fransada siyasi xaosu dərinləşdirib.


 


17. Vatikanın yeni papası


 


ABŞ doğumlu Robert Frensis Prevost Papa XIV Leo adı ilə Roma Katolik Kilsəsinin rəhbəri seçilib.


 


18. Süni intellekt uğrunda qlobal yarış


 


ABŞ və Çin süni intellekt sahəsində açıq rəqabətə girib. Bu yarış əmək bazarı və qlobal iqtisadiyyat üçün ciddi risklər yaradıb.


 


19. Sudanda vətəndaş müharibəsi


 


Sudandakı müharibə yüz minlərlə insanın ölümünə, milyonlarla şəxsin didərgin düşməsinə səbəb olub.


 


20. Azərbaycan və Ermənistan arasında sülh


 


İllərlə davam edən Qarabağ münaqişəsi sonrası iki ölkə arasında sülh sazişinin paraflanması həyata keçirilib. Artıq Azərbaycandan Ermənistana neft ixracı da həyata keçirilir və bu addım sülh üçün atılan ən mühüm addım hesab olunub.


 


21. Almaniyada CDU-nun hakimiyyətə qayıdışı


 


CDU seçkilərdə qalib gəlib, ifrat sağçı AfD isə rekord sayda mandat qazanıb.


 


22. Tailand-Kamboca münaqişəsi


 


Yüz ildən artıq davam edən sərhəd mübahisəsi silahlı toqquşmaya çevrilib.


 


23. Nyu-Yorkda tarixi seçki


 


Zohran Mamdani Nyu-Yorkun ilk müsəlman və ən gənc meri olub.


 


24. Luvr Muzeyində 88 milyon avroluq oğurluq


 


Parisdə yerləşən Luvr Muzeyində kral xəzinəsinə aid qiymətli əşyalar oğurlanıb.


 


25. Qlobal aclığın rekord həddi


 


2025-ci ildə 53 ölkədə 295 milyondan çox insan kəskin aclıqla üzləşib. Əsas səbəblər müharibələr, iqtisadi böhranlar və iqlim dəyişiklikləri olub.


 


Bəsti Rəfizadə


Sfera.az