Rəqəmsal cihazlardan istifadənin sürətlə artması ekran qarşısında keçirilən vaxtı da xeyli uzadıb. Ağıllı telefonların hər həftənin əvvəlində təqdim etdiyi “ekran müddəti” hesabatları isə bir çox istifadəçi üçün narahatedici rəqəmləri üzə çıxarır.


 


Sfera.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, müəyyən həddi aşan ekran müddəti həm fiziki, həm də psixoloji sağlamlığa ciddi təsir göstərir.


 


Aparılan araşdırma və qiymətləndirmələrə əsasən, böyüklərdə gündəlik 3-4 saatdan artıq, uşaq və yeniyetmələrdə isə 2 saatı keçən ekran istifadəsi sağlamlıq problemləri ilə birbaşa əlaqələndirilir. Xüsusilə telefon, planşet və kompüterdən uzun müddət fasiləsiz istifadə riskləri artırır.


 


Mütəxəssislərin fikrincə, uzun müddət ekrana baxmaq göz qırpma refleksini azaldır. Bu isə göz quruluğu, yanma hissi, bulanıq görmə və baş ağrısı kimi şikayətlərə səbəb olur. Eyni zamanda ekranlardan yayılan mavi işıq göz yorğunluğunu daha da artırır.


 


Digər ciddi problem düzgün olmayan duruşla bağlıdır. Telefon və kompüterdən istifadə zamanı başın önə əyilməsi zamanla boyun düzləşməsi, onurğa ağrıları və əzələ–skelet sistemi pozuntularına yol aça bilər. Uzunmüddətli yanlış duruş qalıcı sağlamlıq problemləri yarada bilər.


 


Ekran istifadəsinin artması yuxu rejiminə də mənfi təsir göstərir. Xüsusilə yatmazdan əvvəl telefondan və ya kompüterdən istifadə yuxuya getmə müddətini uzadır, yuxunun keyfiyyətini aşağı salır. Nəticədə gün ərzində halsızlıq, diqqət azalması və konsentrasiya problemləri ortaya çıxır.


 


Psixoloji baxımdan da risklər az deyil. Mütəxəssislər həddindən artıq ekran istifadəsinin stress, anksiyete və əhval-ruhiyyə pozuntuları ilə əlaqəli olduğunu bildirirlər. Sosial mediada uzun müddət vaxt keçirmək psixoloji təzyiqi və zehni yorğunluğu artırır, bu da həm təhsil, həm də iş fəaliyyətinə mənfi təsir göstərir.


 


Mütəxəssislər sağlamlığın qorunması üçün ekran müddətinə nəzarət etməyi, mütəmadi fasilələr verməyi, düzgün oturuş qaydalarına əməl etməyi və xüsusilə yatmazdan əvvəl ekran istifadəsini minimuma endirməyi tövsiyə edirlər.


 


Bəsti Rəfizadə


Sfera.az