Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın Rusiyaya qarşı yeni hücum planını həyata keçirmək məqsədilə Ukraynanı dəstəklədiyini iddia edib və bu siyasətdən imtina etməyə çağırıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında mümkün sülh planının reallaşdırılması üçün ABŞ-nin rəhbərliyi ilə intensiv diplomatik səylər davam etdiyi bir vaxtda, müharibə isə daha da gərginləşərək davam edir. Avropa ölkələrində Rusiyanı Qərb üçün uzunmüddətli təhlükə hesab edən dairələr tərəfindən Moskvaya qarşı daha sərt mövqe tutulması ilə bağlı çağırışlar vaxtaşırı gündəmə gətirilib.
Rusiya Prezidenti Vladimir Putinin rəsmi iqamətgahına Ukrayna tərəfindən hava hücumu edildiyi iddiasından sonra Moskva Ukrayna ilə aparılan danışıqlarda mövqeyini sərtləşdirəcəyini bəyan edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov yazılı açıqlamasında bildirib ki, 28-29 dekabr gecəsi Novqorod vilayətində Rusiya Prezidenti Vladimir Putinin rəsmi iqamətgahına Kiyev tərəfindən həyata keçirildiyi iddia olunan “terror aktı” qətiyyətlə pislənir. Lavrov bu hadisə ilə bağlı Rusiyaya dəstək və həmrəylik nümayiş etdirən xarici dostlara və tərəfdaşlara təşəkkür etdiklərini qeyd edib.
Nazirin sözlərinə görə, baş verənlər Kiyevdə hakimiyyəti qanunsuz şəkildə əlində saxlayan bir qrup şəxsin terrorçu mahiyyətini bir daha sübut edir. O vurğulayıb ki, həmin şəxslərin göstərişi ilə daha əvvəl Rusiyada sərnişin qatarlarının partladılması, mülki obyektlərə qarşı çoxsaylı hücumlar, eləcə də jurnalistlərin, siyasətçilərin və ictimai xadimlərin qətlə yetirilməsi halları baş verib.
Lavrov Rusiya-ABŞ-nin liderlik etdiyi həll prosesinin tərkib hissəsi kimi Ukrayna üçün təhlükəsizlik zəmanətləri tələb edən Avropa İttifaqı və NATO nümayəndələrinə müraciət edərək, onların əslində kimi qoruduqlarını sual edib. O bildirib ki, Brüssel, Berlin, Paris və London beynəlxalq hüququn bütün normalarına zidd üsullarla mövcudluğunu qorumağa çalışan Ukrayna hakimiyyətini müdafiə edir.
Rusiya xarici işlər naziri Avropanın Rusiyaya qarşı Ukrayna üzərindən yeni hücum planını həyata keçirmək üçün bu cür yanaşma sərgilədiyini iddia edib və qeyd olunan siyasətə son qoyulmasının zəruri olduğunu vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az